
Türkçülük idealları dərin tarixi köklərə və mənəvi dəyərlərə əsaslanır, milli yaddaşımızdan qaynaqlanır. Minillik dövlətçilik tarixi olan türk xalqlarının ayrı-ayrı boyları öz tarixi yaddaşında bu ideyanı daima yaşatmışlar.
Bu ideyanın siyasi platformaya çevrilməsi, türk xalqlarının bir təsisat altında birləşməsi ideyası məhz Ulu öndər Heydər Əliyevin simasında öz intibah dövrünü yaşamağa başladı. Məhz bu kontekstdən yanaşsaq, Ulu Öndər Heydər Əliyevin türkçülüyə bağlılığı sonradan Türk Dövlətləri Təşkilatının qurulmasına təkan oldu. Bu siyasət Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyevin vaxtında sistemli şəkildə davam etdi və ən yüksək zirvəsinə çatdı.
2025-ci il mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır.
21 May 2025-ci ildə Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk dünyasının birliyinin və əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, TDT-nin gələcəkdə qlobal səviyyədə əhəmiyyətli bir güc mərkəzinə çevriləcəyinə inamını ifadə edib. O, bildirib ki, gün gələcək, dünyanın bütün problemləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll olunacaq.
Dövlət başçısı, həmçinin, Azərbaycanın Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan artıq sərmayə yatırdığını və bu sərmayələrin əsas hissəsinin Türkiyəyə yönəldiyini qeyd edib. O, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Kırğız İnkişaf Fondunun yaradıldığını və Türk dövlətləri ilə ticarət dövriyyəsinin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40% artdığını bildirib.
21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Türk dünyasının birliyinin və strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Görüşün sonunda imzalanan 71 maddədən ibarət Bəyannamə, üzv dövlətlərin ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında birgə gələcəyə dair qətiyyətli iradəsini əks etdirdi.
Bu sənəddə nəqliyyat, enerji, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi, Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi kimi mühüm istiqamətlər vurğulandı. Bəyannamə, həmçinin, Türk dünyasının qlobal siyasətdə daha təsirli mövqe tutması və beynəlxalq arenada birgə çıxış etməsi üçün yol xəritəsi rolunu oynayır.
Azərbaycan Prezidenti İlham Əliyev: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.”
“Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Çıxışda o da qeyd olundu ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq ildən-ilə genişlənir. Azərbaycanın təşəbbüsü ilə ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdi və bu il Budapeştdə bu ənənə davam etdirilir. Prezident Qırğızıstanın uğurlu sədrliyini təqdir etdi və bu ilin sonunda keçiriləcək rəsmi Zirvə görüşünə dəvətini iştirakçılara çatdırdı.
Azərbaycanın türk dünyasına qoyduğu sərmayənin 20 milyard dolları keçməsi və Türk İnvestisiya Fondunun yaradılması bu əməkdaşlığın iqtisadi tərəfini daha da gücləndirir. Ölkəmiz nəqliyyat və logistika sahəsində böyük uğurlar əldə edib. Azərbaycan ərazisindən keçən yük daşımalarının həcmi durmadan artır, yeni yollar, dəmir yolları, limanlar və hava limanları inşa olunur. Bakı-Tbilisi-Qars dəmir yolunun gücü 5 milyon tona çatdırılıb, Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində işlər görülür.
Bundan başqa, cənab Prezident COP29 konfransının Azərbaycanda uğurla keçirilməsini də vurğuladı. Cəmi 11 aya təşkil edilən bu tədbirdə dünyanın 197 ölkəsindən nümayəndələr iştirak edib. Əsas nailiyyətlərdən biri iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyə yardımının artırılması və karbon bazarları ilə bağlı razılaşma əldə olunmasıdır. Bu konfrans Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirildi və tarixə “Bakı sıçrayışı” kimi daxil oldu.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin başlatdığı, cənab İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilən Türk Birliyi yaradılması və inkişaf etdirilməsi strategiyası təkcə Anadoluda, Qafqazda və Mərkəzi Asiyada yaşayan və müstəqil dövlətə malik türk xalqları üçün deyil, həm də bütün dünyaya səpələnmiş, fərqli ölkələrdə yaşayan türklər üçün ümid işığı, güvənc yeri kimi son dərəcə qiymətlidir və gələcəyə daha inamla baxmağa imkan verir.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Şəmsiyyə Aslanova