
Prezident İlham Əliyevin çıxışında regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər xüsusi yer tutdu. O qeyd etdi ki, Azərbaycan uzun illərdir sülh təşəbbüsləri irəli sürür və Ermənistanla normallaşma prosesinin davam etməsinə çalışır. Bu kontekstdə sülh müqaviləsinin imzalanması üçün hüquqi əsasların artıq formalaşdığını qeyd edən Prezident, Ermənistan tərəfini real və konstruktiv mövqe sərgiləməyə çağırdı. O vurğuladı ki, davamlı sülh bölgədə iqtisadi inkişafı sürətləndirə bilər və bu, bütün region ölkələrinin xeyrinə olacaq.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunu və liderliyini bir daha nümayiş etdirdi. Xankəndidə keçirilən bu Zirvə Görüşü Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında sabitlik və inkişaf üçün vacib bir aktora çevrildiyini sübut etdi. Təkcə iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan Azərbaycanın rolu getdikcə güclənir. Prezident qeyd etdi ki, Azərbaycan bundan sonra da İƏT çərçivəsində regional və beynəlxalq əməkdaşlığa fəal dəstək verəcək və qarşılıqlı maraqlara əsaslanan layihələrə öncüllük edəcək. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Görüşü Azərbaycanın müasir tarixində və beynəlxalq diplomatiyasında mühüm mərhələ kimi yadda qaldı. Prezident İlham Əliyevin zirvə çıxışı həm daxili siyasətin, həm də xarici siyasətin strateji baxışını əks etdirən, müdrik və gələcəyə yönəlik bir yol xəritəsi oldu.
Bu çıxış və ümumilikdə tədbir göstərdi ki, Azərbaycan həm öz milli maraqlarını qorumaqda, həm də regional əməkdaşlığı təşviq etməkdə uğurlu və prinsipial siyasət yürüdür. Azərbaycanın siyasi iradəsi və liderliyi regionda sabitlik, tərəqqi və əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Xankəndi zirvəsi münaqişə və mübahisələrin əksər hissəsinin məhz İƏT-ə üzv ölkələrin ərazisində baş verdiyi bir vaxtda keçirildiyindən dialoq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Dilbər Rəhmanova – 4 saylı Uşaq musiqi məktəbinin direktoru