İƏT-in 17-ci zirvə görüşü sülh və inkişafın bünövrəsinin iqtisadi əməkdaşlığa söykəndiyini təsdiqlədi

İƏT-in 17-ci zirvə görüşü sülh və inkişafın bünövrəsinin iqtisadi əməkdaşlığa söykəndiyini təsdiqlədi 2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə Görüşü Azərbaycanın Xankəndi şəhərində keçirildi. Bu fakt təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də geosiyasi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Qarabağın mərkəzi olan Xankəndidə ilk dəfə beynəlxalq səviyyəli zirvə görüşünün keçirilməsi ilə yadda qaldı və Azərbaycanın suveren hüquqlarının beynəlxalq müstəvidə tam şəkildə tanındığını bir daha təsdiqlədi. Zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin etdiyi çıxış isə həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli mesajlarla zəngin oldu. Prezident İlham Əliyev çıxışına tədbirin məhz Xankəndidə keçirilməsinin rəmzi və tarixi əhəmiyyətini vurğulamaqla başladı. O bildirdi ki, bu gün Qarabağın mərkəzində, illər boyu erməni separatizminin məkanı olmuş Xankəndidə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirir: "Bu gün biz Xankəndidə - suveren Azərbaycan torpağında toplaşaraq regionda yeni bir dövrün başlanğıcını elan edirik. Bu həm də İƏT-ə üzv ölkələrin Azərbaycana olan hörmətinin və həmrəyliyinin göstəricisidir.
Prezident İlham Əliyev çıxışında post-münaqişə dövründə Azərbaycanın gördüyü irimiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqət ayırdığını, 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda “Böyük Qayıdış” proqramı çərçivəsində bərpa prosesinin sürətlə davam etdirildiyini bildirdi. O qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində ağıllı şəhər və kəndlər inşa olunur, beynəlxalq hava limanları tikilib istifadəyə verilib, müasir avtomobil yolları və dəmir yolları çəkilir. Prezidentin vurğuladığı əsas məqamlardan biri də Azərbaycanın bu regionu yaşıl enerji zonası elan etməsi oldu. Günəş və külək enerjisi layihələri, həmçinin hidroenerji potensialı bölgənin davamlı inkişafına töhfə verir və xarici investorlar üçün geniş imkanlar açır.
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq təşkil edilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu kimi mühüm tədbirlərin keçirilməsi, regionda post-münaqişə dövrünün reallıqları fonunda sosial-iqtisadi diplomatiyanın effektiv nümunəsidir. Bu forumlar vasitəsilə təkcə siyasi gündəm deyil, həm də sahibkarlıq, gənclərin təşəbbüskarlığı və qadınların müxtəlif sahələrdə rolunun gücləndirilməsi kimi mövzular da regional əməkdaşlığın əsas predmetləri olaraq önə çıxarıldı.
Süsən Qulamova-187 nömrəli orta məktəbin müəllimi

Oxşar xəbərlər