
2025-ci il iyulun 4-də Qarabağın ürəyi Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın diplomatik tarixində və regional inteqrasiya proseslərində mühüm dönüş nöqtəsidir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu yüksək səviyyəli tədbir Azərbaycanın azad edilmiş ərazilərində beynəlxalq legitimliyin daha da möhkəmləndirilməsi baxımından siyasi və psixoloji cəhətdən dərin məna daşıyır. Dövlət başçısının “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” ifadəsi ilə başladığı çıxış, regionun statusu və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın və prinsipial mövqeyin təkrarı idi. Bundan əvvəl Şuşada, Laçında və digər azad edilmiş ərazilərdə keçirilmiş beynəlxalq tədbirlərin ardıcıl davamı olaraq ECO Zirvəsinin Xankəndidə təşkili, həm də Ermənistanın iddialarına cavab olaraq, Azərbaycanın suverenliyinin əyani təsdiqi kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə təqdim etməklə Azərbaycanın müharibədən sonrakı uğurlu reabilitasiya modelini nümayiş etdirdi. Dövlət başçısının sözləri ilə desək, 30 ilə yaxın davam edən Ermənistan işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salınması, dini və mədəni abidələrin məhv edilməsi, şəhərlərin və kəndlərin xarabazara çevrilməsi insanlıq əleyhinə törədilmiş cinayətlərin təzahürüdür.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini