
Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və illər keçdikcə dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycan və Macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanın və bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.
Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür.
Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. İki ölkə qarşılıqlı faydalı layihələr və investisiyalar əsasında gələcəkdə daha da sıx əməkdaşlıq etməyi hədəfləyir.
Mayın 20-də Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfər etdi.
Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfə olaraq Zirvə görüşü müşahidəçi ölkənin - Macarıstanın ev sahibliyi ilə keçirildi. Macarıstanın Zirvə görüşünə ev sahibliyi bu ölkənin türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu göstərir.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirildiyini xatırlatdı və bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil edilməsindən şad olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edərək bildirib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli məktəbin
kitabxana müdiri Nübar Əliyeva