Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Akademik Zərifə xanım Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Zərifə xanım Əliyeva traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparmışdır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır. Bu gün Zərifə Əliyeva adı yalnız tarix kitablarında deyil, həm də müasir Azərbaycanın səhiyyə sistemində yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu irsin davamçısı kimi fəaliyyət göstərir, minlərlə insana işıq bəxş edir. Onun həyatı bir daha sübut edir ki, əsl böyüklük yalnız elmi nailiyyətlərlə ölçülmür. Əsl böyüklük insanlara verdiyin işıqda, toxunduğun talelərdə, qoyduğun mənəvi izdədir. Akademik Zərifə xanım Əliyeva elmi fəaliyyəti, yüksək humanizm duyğuları, xeyirxahlıq fəaliyyəti ilə tarixdə silinməz iz qoyan şəxsiyyətlərdəndir. Onun zəngin irsi neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilib.
Altun İbrahimov-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi