"Dünya Tehranın cavabını gözləyir" - Reuters

Bütün dünya ABŞ-nin İranın əsas nüvə obyektlərinə hücumundan sonra Tehran tərəfindən veriləcək cavabı gözləməyə başlayıb. ABŞ İsraillə birlikdə, 1979-cu il İran İnqilabından bəri İslam Respublikasına qarşı həyata keçirilən ən böyük Qərb hərbi əməliyyatında iştirak etdi.

Bu barədə "Reuters xəbər verir.

İran ABŞ-nin Fordo nüvə obyektinin yerləşdiyi dağlıq əraziyə 30,000 funtluq bunker-buster bombaları atmasından bir gün sonra özünü müdafiə edəcəyini vəd edib. Amerika rəhbərləri Tehrana təmkinli olmağa çağırıb, ABŞ-nin bir sıra ştatlarında isə müharibə əleyhinə etirazlar baş qaldırmağa başlayıb.

İran və İsrail arasında isə raket hücumları davam edir. İsrailin hərbi sözçüsü bildirib ki, İsrail qırıcı təyyarələri İranın qərbindəki hərbi hədəfləri vurub. Bundan əvvəl İranın atdığı raketlər Tel-Əvivdə onlarla insanın yaralanmasına və binaların dağılmasına səbəb olmuşdu.

ABŞ Daxili Təhlükəsizlik Departamenti ölkə daxilində "artmış təhlükə mühiti" barədə xəbərdarlıq yayıb. Xəbərdarlıqda mümkün kiber hücumlar və ya hədəfli zorakılıq halları qeyd olunub. Böyük şəhərlərdə hüquq-mühafizə orqanları patrulları artırılıb, xüsusilə dini, mədəni və diplomatik obyektlərə diqqət yönəldilib.

Tehran hələlik ABŞ-yə qarşı birbaşa hərbi cavab verməyib və ya dünya üzrə neftin daşınmasına maneə yaratmayıb (məsələn, Hörmüz boğazını bağlamaq kimi addımlar atmayıb). Amma bu, o demək deyil ki, belə addımlar atılmayacaq.

İstanbulda çıxış edən İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin mümkün bütün cavab variantlarını nəzərdən keçirdiyini bildirdi. Onun sözlərinə görə, İran cavab vermədən diplomatiyaya dönüş olmayacaq.

“ABŞ göstərdi ki, beynəlxalq hüquqa hörmət etmir. Onlar yalnız təhdid və güc dilini anlayırlar,” – deyə o vurğulayıb.

Tramp isə televiziya çıxışında hava hücumlarını “möhtəşəm hərbi uğur” adlandıraraq, İranın əsas nüvə zənginləşdirmə obyektlərinin “tamamilə və tam şəkildə məhv edildiyini” bəyan edib.

Oxşar xəbərlər