Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz bir parçasıdır

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz bir parçasıdır Cari ilin 6 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş Beynəlxalq Çernobbio Forumunda cənab Prezident İlham Əliyev “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda əhəmiyyətli bir çıxış etmişdir.
Çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıqdan bəhs etmişdir. Uzun illər ərzində bu iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Təqribən 10 il əvvəl qəbul edilən müvafiq bəyannamə, iki ölkə arasında sıx siyasi təmasların olduğunu və onların yaxın siyasi tərəfdaş olduqlarını nümayiş etdirir. Azərbaycan, İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Eyni zamanda, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub.
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz bir parçasıdır. Azərbaycanın İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi, 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır, bunlardan 7-si isə Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır, lakin marşrut boyunca mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada artım üçün güclü potensial mövcuddur.
İkitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlamışdır ki, bu da əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaratmışdır. Bu, gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyev çıxışında, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişikliklərin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu vurğulamışdır. Beynəlxalq hüququn aliliyinin yalnız hüquqi çərçivə ilə deyil, həm də cəsarət və real güc ilə təmin edilə biləcəyini nümayiş etdirir. Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında olmuşdur. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə işğalın dayandırılması tələb edilmişdir. Ancaq ATƏT-in yaratdığı xüsusi qrup 28 il ərzində heç bir nəticə əldə edə bilməmişdir. Bu, ədalət və sülhü təmin etmək üçün beynəlxalq hüququn tək başına kifayət etmədiyini və digər amillərin də nəzərə alınmalı olduğunu göstərir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Son olaraq, ötən ilin sentyabrında Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail olundu. Azərbaycan, nümunəsi ilə göstərdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
Müsbət addımlar arasında, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və sərhədin bir hissəsinin demarkasiyası müsbət istiqamətdə atılan addımlardır.




Azərbaycanın iki aydan sonra COP29-a ev sahibliyi edəcəyi, bununla bağlı qərarın ötən ilin dekabrında verildiyi və hazırlıq üçün bir ildən az vaxtın qaldığı bildirildi. Bu, Azərbaycanın beynəlxalq etibarını göstərir.
Azərbaycan, qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. İqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzu olaraq qalır və qarşılıqlı iddialar və ittihamlarla müşayiət olunur.
Qoşulmama Hərəkatına 4 illik sədrliyimiz, Azərbaycanın yaxşı nəticələr əldə edə bilən ölkə olduğunu nümayiş etdirir. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Eyni zamanda, Rusiya və Ukrayna ilə münasibətlərimiz də yüksək səviyyədədir. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.
Azərbaycan, Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışdır və bu niyyətimiz yoxdur. Biz, praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Qazın tranzitinin dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi iflic olacaqdır. Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Azərbaycan vasitəsilə müzakirələr aparılır. Azərbaycan, 2001-ci ildən Avropa Şurasına üzvdür və Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşdur.
Son olaraq, Avropa Şurasının Parlament Assambleyası tərəfindən nümayəndə heyətimizin səsvermə hüququndan məhrum edilməsi, suverenliyimizi bərpa etdiyimiz üçün tətbiq edilən sanksiya olmuşdur. Vəziyyəti yaxşılaşdırmaq üçün nümayəndə heyətimizin Avropa Şurasında fəaliyyətinin bərpa edilməsi vacibdir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Şükürova

Oxşar xəbərlər