Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada aparılan danışıqlar, bağlanan müqavilələr Azərbaycanla Qazaxıstan arasında əvvəldən mövcud olan sıx strateji tərəfdaşlıq münasibətlərini yeni bir səviyyəyə qaldırır. Bu səfər, sözsüz ki, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Azərbaycan və Qazaxıstan uzun illərdir ki, bir çox beynəlxalq təşkilatlarda fəal şəkildə əməkdaşlıq edir, ortaq maraqlar əsasında bir-birini dəstəkləyir. ər iki ölkə Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə siyasi deyil, eyni zamanda iqtisadi, humanitar və mədəni sahələri də əhatə edir. Azərbaycan və Qazaxıstan həmçinin İslam Əməkdaşlıq Təşkilatında, Müstəqil Dövlətlər Birliyi çərçivəsində və digər beynəlxalq platformalarda birgə fəaliyyət göstərir. Bu birgə çıxışlar, ortaq mövqelər və qarşılıqlı dəstək münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.
Azərbaycan–Qazaxıstan münasibətləri daim yüksələn xətlə inkişaf edir. Hər iki dövlət beynəlxalq tədbirlərdə və qlobal səviyyəli müzakirələrdə bir-birini müdafiə edir, ortaq mövqe sərgiləyir. Bu gün bu münasibətlərin daha da genişlənəcəyi, yeni istiqamətlərdə dərinləşəcəyi gözlənilir. Eyni zamanda, Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq da dinamik şəkildə inkişaf edir. İki dövlət arasında böyük investisiya layihələri və sərmayə təşəbbüsləri həyata keçirilir. Bu investisiyalar həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edir.
Astanada keçirilən bu tarixi görüş, əslində, Türk birliyinin siyasi zirvəsi idi. Burada səslənən hər bir fikir, hər bir razılaşma gələcəyə yönəlmiş strateji vizyonun ifadəsi idi. Azərbaycan və Qazaxıstan dövlət başçılarının birgə imzası ilə tarixə düşən bu sənədlər türk dünyasının gələcək siyasi və iqtisadi güc platformasının təməlini qoydu. Nəticə etibarilə, Astanadakı ikinci iclas qardaşlıqdan strateji ittifaqa keçidin rəsmi təsdiqi oldu. Bu ittifaq təkcə iki ölkə arasında deyil, bütövlükdə Türk dövlətlərinin gələcəyində sabitlik, inam və güc rəmzi kimi qalacaq. Azərbaycanın dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Qazaxıstan lideri Qasım-Jomart Tokayevin müdrikliyi sayəsində Astana görüşü həm diplomatiya, həm də milli həmrəylik tariximizdə qızıl hərflərlə yazıldı. Bu görüşün ruhu bir daha sübut etdi ki, Türk birliyi ideyası artıq reallığa çevrilib — onun səsi Astananın, Bakının və bütün Türk dünyasının göylərində əks-səda verir.
Natiq Musayev-Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri