Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Bu iqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan-İtaliya münasibətlərinin yüksək inkişafının daha bir göstəricisinin isə ölkələrin enerji sahəsindəki əməkdaşlığıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Xüsusilə də, Azərbaycandan İtaliyayadək uzanan, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkə Azərbaycandan qaz alır. Məhz bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova