Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi böyük önəm daşıyır. Qazaxıstan və Azərbaycan qədim tarixi, mədəni və mənəvi bağlarla bir-birinə bağlı olan iki qardaş dövlətdir. Qarabağ müharibəsindən sonra regionda sülhün və sabitliyin bərpası istiqamətində atılan addımlarda Qazaxıstan hər zaman Azərbaycanın yanında olmuşdur. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Qarabağın bərpası prosesinə həm siyasi, həm də humanitar sahədə töhfə verməyə başlayıb.Qazaxıstan hökuməti tərəfindən Qarabağın yenidən qurulması istiqamətində atılan ən mühüm addımlardan biri Ağdam şəhərində “Qazaxıstan Məktəbi”nin tikintisidir. Bu layihə yalnız təhsil sahəsində bir yenilik deyil, həm də iki ölkə arasında dostluğun və qardaşlığın rəmzidir. Məktəbin tikintisi 2021-ci ildə başlanıb və yaxın illərdə tam istifadəyə verilməsi planlaşdırılır. Bu təşəbbüs Qazaxıstanın dövlət büdcəsi hesabına həyata keçirilir və Qarabağın sosial həyatının canlanmasına mühüm töhfə verəcək.Bundan əlavə, Qazaxıstan Qarabağda həyata keçirilən humanitar və sosial layihələrdə də iştirak edir. Bu dəstək təkcə maddi yardım formasında deyil, həm də mənəvi həmrəylik şəklində özünü göstərir. Qazaxıstan rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın Qarabağı bərpa etmək səyləri bütün türk dünyası üçün nümunəvi bir prosesdir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində də Qazaxıstan bu məsələdə fəal mövqe tutur. Prezident Kasım-Jomart Tokayev bir neçə dəfə qeyd etmişdir ki, Qarabağın bərpası təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin ortaq qürur mənbəyidir. Bu yanaşma türk dünyasında birlik və qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edir.
Beləliklə, Qazaxıstanın Qarabağın dirçəlişinə verdiyi dəstək həm konkret layihələr, həm də mənəvi həmrəylik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yeni həyatın qurulmasına, sülhün və inkişafın möhkəmlənməsinə böyük töhfə verir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Xəlilova