
Daha bir əhəmiyyətli məqam Azərbaycanın Avropanın enerji təminatçısı və təhlükəsizliyi rolunda yer alması reallığıdır. Bu baxımdan, hələ illər öncə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail oldu. Prezident İlham Əliyev bununla bağlı münasibətində onu da xatırladıb ki, ilk Avropa bazarı da məhz İtaliya olub. Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması artıq özünü kifayət qədər sübuta yetirib və bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, məhz Avropa bazarından dünya bazarına çıxmaq imkanlarına malik olan ölkəmiz qarşıdakı illərdə həmin planlarını realizə etmək gücündə və qüdrətindədir. O da əbəs deyil ki, forumdakı çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi oldu və artıq Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Bütün bunlar isə daha bir reallığı əks etdirir ki, Azərbaycan enerjinin təminatında və onun təhlükəsizliyinin qorunub-saxlanılmasında paralel olaraq etibarlılıq prinsipini də nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycanın artıq on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrildiyini vurğulaması ilə həmin faktoru bir daha isbatlayıb.
Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər platformadan Avropanın gələcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi kontekstində uzunmüddətli və etibarlıq tərəfdaşlığın mümkün olması məsələrindən danışaraq Azərbaycanın da beynəlxalq münasibətlər sistemində milli dövlət kimi davranışları zamanı milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi.
Mətləb Hüseynov, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru