Son illərdə Qazaxıstan Respublikasında həyata keçirilən iqtisadi islahatlar, sənaye və kənd təsərrüfatı sektorlarında aparılan yeniliklər ölkənin davamlı inkişafını təmin edib. Prezident Qasım-Comərd Tokayevin rəhbərliyi ilə Qazaxıstan regionda mühüm iqtisadi mərkəzə çevrilməkdədir. Güclü sosial siyasət, rəqəmsallaşma proqramları, nəqliyyat və enerji infrastrukturu sahəsində irəliləyişlər ölkənin beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. Qazaxıstan bu gün yalnız Mərkəzi Asiyanın deyil, həm də bütün Avrasiya məkanının dinamik inkişaf edən lider dövlətlərindən biri hesab olunur. Geniş Avrasiya regionunda həyata keçirilən iqtisadi və nəqliyyat layihələri, xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizi, Cənubi Qafqazı və Mərkəzi Asiyanı daha sıx əlaqələndirir. Bu təşəbbüslər region ölkələri arasında ticarət, enerji və mədəni münasibətlərin güclənməsinə şərait yaradır. Azərbaycan və Qazaxıstan bu inteqrasiyanın aparıcı qüvvələri kimi çıxış edir. Onların ortaq maraqları və tarixi bağlılığı Avrasiya məkanında sabitlik və qarşılıqlı rifahın əsas sütunlarını formalaşdırır.
Qazaxıstan beynəlxalq arenada sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdür. Ölkə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu qurumlarda fəal mövqeyə malikdir. Qazaxıstanın vasitəçilik missiyaları, beynəlxalq dialoqlara verdiyi töhfələr və çoxtərəfli əməkdaşlığa yönəlmiş təşəbbüsləri onun nüfuzunu daha da artırıb. Bu siyasət həm regionda, həm də dünya səviyyəsində etibarlı tərəfdaş imicini möhkəmləndirir.
Azərbaycan və Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinə əsaslanan strateji tərəfdaşlardır. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, regional sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verir. Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlıq, qarşılıqlı səfərlər və mədəni-humanitar layihələr bu əlaqələrin dərinliyini göstərir. İki ölkə arasında güclü siyasi etimad və iqtisadi əməkdaşlıq birliyi münasibətlərin gələcəyinə inam yaradır.
Prezident İlham Əliyevin 2025-ci ilin 20-21 oktyabr tarixlərində Qazaxıstana səfəri zamanı regionda sülh və əməkdaşlığın təmin edilməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Qazaxıstan rəhbərliyi Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini bildirib və Cənubi Qafqazda sabitliyin bərpasının bütün region üçün vacib olduğunu vurğulayıb. Bu dəstək Azərbaycanın ədalətli mövqeyinə beynəlxalq səviyyədə əlavə dayaq verir və regionda uzunmüddətli sülhün bərqərar olmasına şərait yaradır.
Qazaxıstan Qarabağın bərpası və yenidən qurulması prosesində fəal iştirak niyyətini nümayiş etdirib. Qardaş ölkə humanitar yardım proqramları, sosial obyektlərin inşası və iqtisadi layihələrin reallaşdırılması istiqamətində dəstək göstərir. Bu, qazax xalqının Azərbaycan xalqına səmimi münasibətinin, həmrəyliyin və dostluğun bariz nümunəsidir. Qarabağın dirçəlişində bu əməkdaşlıq gələcəkdə iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.
Azərbaycan və Qazaxıstan xalqları qədim türkdilli mədəniyyətin daşıyıcıları kimi eyni dəyərlərə və ortaq tarixə sahibdirlər. Ortaq dil, din və adət-ənənələr xalqlarımız arasında dərin mənəvi bağlar yaradır. Mədəniyyət, təhsil, incəsənət və turizm sahələrində qarşılıqlı layihələr xalqlarımızın yaxınlaşmasına xidmət edir. Bu qardaşlıq əlaqələri əsrlər boyu möhkəmlənərək iki xalq arasında dostluq körpüsünə çevrilib.
Azərbaycanın “Sülh və Əməkdaşlıq marşrutu” adlandırdığı Zəngəzur dəhlizi regionun ən mühüm geoiqtisadi layihələrindən biridir. Bu nəqliyyat xətti Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Dəhlizin açılması Qazaxıstan, Özbəkistan və digər türkdilli ölkələrlə əlaqələri genişləndirəcək, həm ticarət, həm də enerji sahəsində yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizi Türk dünyasının birliyini möhkəmləndirən strateji layihə kimi gələcəyin regional əməkdaşlıq xəritəsini formalaşdırır.
Zabrat qəsəbəsi, 81 saylı tam orta məktəbin
Tarix müəllimi Mehri Ağacanova