Azərbaycan və İtaliya arasında əməkdaşlıq bir çox sahəni əhatə edir

Azərbaycan və İtaliya arasında  əməkdaşlıq bir çox sahəni əhatə edir 06 sentyabr 2024-cü il tarixində İtaliyada keçirilən 50-ci Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzində olmuşdur. 1975-ci ildən bəri hər il sentyabr ayında təşkil olunan və Çernobbio Forumu kimi tanınan beynəlxalq tədbirdə dünya iqtisadiyyatı və cəmiyyətlər qarşısında duran cari məsələlər, problemlər müzakirəyə çıxarılır. Tədbirin birinci günü adətən iqtisadi, geosiyasi, elmi və texnoloji sahədə qlobal problemlərə həsr olunur. İkinci gün əsas diqqət Avropaya yönəldilir və Avropa İttifaqı ilə bağlı ən aktual məsələlər müzakirə edilir. Üçüncü gün isə hökumət nümayəndələrinin, rəsmilərin, biznes və maliyyə sahəsinin mühüm şəxslərinin iştirakı ilə İtaliyaya həsr olunur. Forumunda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.Dövlət başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib, moderatorun suallarını cavablandırıb, mühüm mesajlar verib.Beynəlxalq Çernobbio Forumu və Azərbaycan liderinin çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzində olub.“Reuters“, “Bloomberg“, “Financial post” və digər nüfuzlu media qurumları həm Beynəlxalq Çernobbio Forumuna, həm də Prezident İlham Əliyevin forumda müxtəlif mövzularda səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
Görüşlər və müzakirələr zamanı Prezident İlham Əliyev Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. Prezident İlham Əliyev qeyd edibki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Azərbaycan və İtaliya arasında əməkdaşlıq bir çox sahəni əhatə edir. Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.Azərbaycan və İtaliya arasında əlaqələr əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir. Geosiyasi vəziyyətə gəldikdə, - bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib, - əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.Burada giriş sözümdə qeyd etmək istədiyim sonuncu məqam ondan ibarətdir ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir.

Maştağa qəsəbəsi,Ə.Vahid adına 293№ tam orta məktəbin
tarix müəllimi Aytən Musayeva

Oxşar xəbərlər