Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü

Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu bir neçə gündə bu görüş dünya ictimaiyyətinin nəzər-diqqətini yenidən Şuşaya yönəltdi. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə Şuşa şəhərində keçirilən bu qeyri-rəsmi görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığını nümayişi etdirdi. Bu şəhər tarixi zəfərimizin parlaq rəmzidir və təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının da qəlbində xüsusi ehtiram və qürur duyğularını oyadır.
Bu görüşün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Bu qərar türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Bir-birinin ardınca qazanılan bu qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi. Bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək və imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
İndi bu torpaqlara həyat qayıdır.“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Həmçinin Türk dövlətlərinin rəhbərləri də azad edilmiş torpaqlara səfərlər etmişlər.
Təbiidir ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil də əhəmiyyətli rol oynamaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Sammitdə də xüsusi vurğulandı ki, Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Həmçinin Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin də mühüm təşəbbüslərdən biri olduğu da qeyd edilib.
Bu sammiti türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addım olaraq saymaq olar. Bu Zirvə görüş əməkdaşlığın da zirvəsi idi və münasibətlərdə özünəməxsus yer tutacaqdır. Şuşa şəhərində baş tutan Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaqdır.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Şəntürk Mirzəyeva

Oxşar xəbərlər