Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi
5 il bundan əvvəl bu günlərdə bütün Azərbaycanın ürəyi orda döyünürdü-Qarabağda.Hər birimiz hər gün,hər saat sonsuz həyəcan və izaholunmaz səbirsizliklə cəbhədən xəbərlər gözləyir,həm də növbəti xəbərin daha sevindirici,daha möhtəşəm olacağı təşnəsilə gözləyirdik.O zaman xalqın böyük coşqu ilə izlədiyi,hər kəsin gözlərini sevinc yaşına qərq etdiyi pik xəbərlər-işğal altında olan rayon mərkəzlərinin bütöv kəndlərlə birlikdə azad olunması xəbəri isə cənab Ali Baş Komandanın şəxsi tvitter səhifəsində dərc olunur,ardınca isə ölkə prezidentinin dövlət televiziyası ilə xalqa müraciəti yayımlanırdı.
Nəhayət,oktyabrın 25-də Qubadlının azad edilməsi xəbəri gəldi...
Qudadlı uğrunda aparılan hərbi əməliyyat planı yüksək peşəkarlıqla hazırlanmış,qoşun hissələrinin taktiki gedişlərinın vahid strateji məqsədə uyğunlaşdırılması təmin edilmişdi.Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Qubadlının azad edilməsinin olduqca böyük əhəmiyyəti var idi.Hər şeydən öncə,Laçın və Kəlbəcərin azad edilməsi üçün imkanlar görünürdü.Artıq düşmən salamat qalmış tör-töküntülərini bu istiqamətdə geri çəkməyə məcbur olmuşdu.Digər qürur doğuran vəziyyət isə artıq Azərbaycan-Ermənistan sərhədlərinin bərpasının başlanması ilə bağlı idi.Həm də strateji yüksəkliklərdə üstünlük ordumuzun tərəfinə keçmiş oldu.Bütün bunlar müzəffər ordumuzun bu qələbəsinin tarixin qızıl səhifəsinə yazılmasına vəsilə oldu.
2020-ci il 23 dekabr tarixində cənab Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb: "Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".

Zabrat qəsəbəsi, 192 nömrəli orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər