Artıq 5 ildir ki, Qubadlı azaddır

Artıq 5 ildir ki, Qubadlı azaddır Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdir. Qubadlı şəhəri və rayonunun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdür. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
25 oktyabr 2020-ci il tarixində Qubadlı rayonu və şəhəri düşmən işğalından azad olundu. Öldürülən ,əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə qəhrəman Azərbaycan xalqının qisası alındı. Prezidentimiz cənab İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun işğaldan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənov və Zaur Quliyevi təbrik etmiş və bu təbriki bütün şəxsi heyətə çatdırmağı tapşıraraq , növbəti hərbi əməliyyatlarda bütün ordumuza uğur arzulamışdır.
27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu! Şükürlər olsun ki,hazırda işğaldan azad olunmuş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaltı. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək göstərən qürurlu xalqımızın birliyi sayəsində zəfər qazandıq.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.
Altun İbrahimov - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi, Vətən müharibəsi iştirakçısı

Oxşar xəbərlər