
Qubadlı əməliyyatı Vətən müharibəsinin ən çətin, eyni zamanda ən strateji döyüşlərindən biri kimi tarixə düşdü. Düşmən illərlə qurduğu müdafiə sədlərinə baxmayaraq, Azərbaycan əsgərinin iradəsi və qəhrəmanlığı qarşısında tab gətirə bilmədi. Əsgərlərimizin fədakarlığı, texnoloji üstünlüyümüz və peşəkar döyüş taktikaları nəticəsində Qubadlının hər qarışı azad edildi. Bu əməliyyat həm də ümumi Zəfərin istiqamətini müəyyənləşdirərək Şuşaya gedən yolun əsas mərhələsini formalaşdırdı. Qubadlının azadlığı müharibənin gedişində dönüş nöqtəsi oldu və xalqımızın “Qarabağ Azərbaycandır!” şüarının gerçəkliyə çevrildiyini bir daha sübut etdi.
Azadlıqdan sonra Qubadlıda aşkarlanan dağıntılar Ermənistanın işğal dövründə törətdiyi vəhşiliyin miqyasını göstərdi. Şəhərin infrastrukturunun tamamilə məhv edilməsi, evlərin və mədəni abidələrin yandırılması vandalizmin bariz nümunəsi idi. Lakin bu torpaqlara qayıdan həyat, dövlətin iradəsini və xalqın qətiyyətini əks etdirir. Azərbaycan dövləti azad olunmuş ərazilərin bərpasını prioritet məsələ kimi müəyyənləşdirərək Qubadlıda böyük quruculuq proqramına start verdi. Qısa zamanda enerji təminatı, yol və kommunikasiya layihələri, sosial və yaşayış obyektlərinin inşası həyata keçirildi. Bu işlər bir daha göstərdi ki, Azərbaycan dövlətinin məqsədi təkcə torpaqları azad etmək deyil, orada həyatın hər sahəsini yenidən canlandırmaqdır.
Qubadlıda həyata keçirilən layihələr “Böyük Qayıdış” siyasətinin tərkib hissəsidir. 2021-ci ildə istifadəyə verilən “Qubadlı” yarımstansiyası, yeni avtomobil yollarının çəkilməsi, Mahruzlu və Zilanlı kəndlərində fərdi evlərin tikintisi bölgənin sosial-iqtisadi dirçəlişinə böyük təkan verdi. 2025-ci ildə təsdiq edilən “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” isə rayonun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu plan çərçivəsində şəhərin ekoloji balansının qorunması, müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış massivlərinin salınması və mədəni mühitin bərpası nəzərdə tutulur. Prezident İlham Əliyevin Qubadlıya səfərləri və orada həyata keçirilən layihələrin açılışları bu bölgənin inkişafının dövlət səviyyəsində prioritet olduğunu göstərir.
25 oktyabrın “Qubadlı şəhəri günü” kimi qeyd olunması xalqımızın qəhrəmanlıq irsinin əbədiləşdirilməsinin göstəricisidir. Qubadlının azadlığı şəhidlərimizin qanı, xalqın birliyi və dövlətin gücü ilə qazanılmış tarixi qələbədir. Bu torpaq indi dirçəlişin, quruculuğun və gələcəyə inamın rəmzinə çevrilib. Qubadlıya qayıdan hər bir addım Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və əzmkar ruhunun təntənəsini nümayiş etdirir.
Ramana qəsəbəsi, 337 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktor əvəzi Ayşən Rzayeva