44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi
Kiçik Qafqaz dağlarında yerləşən Kəlbəcər Azərbaycanın ən yüksək dağ bölgəsi statusuna malikdir. Rayon Azərbaycanın qərbində, Tərtər çayı vadisində, Böyük Qafqaz dağlarında, dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə yerləşir. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları da burada yerləşir.
Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ə kimi gedən Kəlbəcər döyüşü Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. İşğal zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. Nəticədə Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
15 noyabr 2020-ci il tarixində isə Kəlbəcər rayonu işğaldan azad edildi. Tərəflər arasında üçtərəfli Bəyanat imzalandı. Bəyanata əsasən rayonun 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılmışdır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahidiyik.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova

Oxşar xəbərlər