44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi

44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Bəli, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı da önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular
Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Məsələn, müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək bir səviyyədə döyüşərək, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəldilər. Beləliklə, əgər Vətən sevgisi, dövlətə, xalqa belə möhkəm bağlılıq olmasa idi, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər