Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimizlə nümunəyik

Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimizlə nümunəyik
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verdi. Komissiyanın indiyədək 18 iclası keçirilib. Sonuncu iclas ötən il iyulun 5-də Qazaxıstanda baş tutub. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.
Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.
Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.
Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.
Beynəlxalq müstəvidə qarşılıqlı dəstəyimizlə nümunəyik. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri və Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini görürük. Türk dünyası birləşir və daha da möhkəmlənir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova

Oxşar xəbərlər