Qazax xalqı, xüsusi ilə Qazaxıstan Respublikası ilə iqtisadi, siyasi, mədəni əlaqələr tarixi dostluq, qardaşlıq ənənələrinin məntiqi davamıdır

Qazax xalqı, xüsusi ilə Qazaxıstan Respublikası ilə iqtisadi, siyasi, mədəni  əlaqələr tarixi dostluq, qardaşlıq ənənələrinin məntiqi davamıdır
Qazaxıstan və Azərbaycan münasibətləri dərin köklərə malikdir. Bu münasibətlərin kökündə Türkdilli xalqlar olmağımızla yanaşı, eyni etnik soy-kökə, oxşar milli və dini dəyərlərə görə də bir-birinə yaxınlığımız xüsusi vurğulanmalıdır. Stalin dövrünün repressiya və deportasiyaları zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi mənbələrə əsasən hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar Qazaxıstanın mədəni, iqtisadi, siyasi həyatında fəal iştirak edir, yaşadıqları dövlətin iqtisadi gücünün artmasına vətəndaş mövqeyi göstərirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər 1992-ci il avqustun 30-da yaradılıb. Ulu Öndər Heydər Əliyevin dövründə türkdilli qardaş dövlət ilə genişlənən iqtisadi-siyasi əlaqələr Cənab prezident İlham Əliyevin dövründə daha da genişləndirilmişdir. Cənab prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ildə olmuşdur. Prezident Nursultan Nazarbayevlə aparılan danışaqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına böyük töhfələr vermişdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxışı zamanı Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet hesab etmiş, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirmişdir.
Bugün də Qazaxıstan Azərbaycanın milli maraqlarını dəstəkləyir, siyasi çevrədə Azərbaycanın maraqlarına cavab verən, qardaşlığı inkişaf etdirən siyasi xətt həyata keçirir. Prezident İlham Əliyev 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfər həyata keçirmişdir. Cənab Prezidentin mətbuata verdiyi bəyanatda səfər barədə məmnunluq ifadə olunur. Astananın mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılması, Heydər Əliyevin əziz xatirəsinin yaşadılması, Azərbaycan xalqına hörmətin, dostluğun əlaməti kimi səciyyələndirilə bilər. İşğaldan azad olunmuş bölgələrimizin təmir-bərpasında yaxından iştirak edən Qazaxıstan Füzuli şəhərində iki xalq arasında dostluğun rəmzinə çevriləcək, qazax xalqının böyük oğlu Kurbanqazı adına Uşaq Yaradıcılıq mərkəzinin yaradılması təşəbbüsünü həyata keçirir. Müttəfiqlik münasibətlərinin genişləndirilməsi, dünya dövlətləri ilə iqtisadi-ələqələrin qurulması Azərbaycan Respublikasının xarici siyasətində duran əsas təməl məsələlərdəndir. 10 aprel Qazaxıstan Respublikası ilə imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə yönəlib. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zəruriyyətdir. Bu baxımdan Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı diqtə edir.
Azərbaycan və Qazaxıstan Respublikları “Orta Dəhliz”in potensialından tam şəkildə istifadə etməlidilər. Qazaxıstan üçün enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi prioritetdir. Bu baxımdan Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi ən mühüm məsələdir. Cənab İlham Əliyev çıxışı zamanı Qazaxıstanla əmtəə dövriyyəsinin milyard dollara çatdırılmalı olduğunu bildirib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkürünü bildirən ölkə başçısı İlham Əliyev bildirdi ki, “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.
Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim azərbaycanlıların qəlbində yaşayır.
Qazax xalqı, xüsusi ilə Qazaxıstan Respublikası ilə iqtisadi, siyasi, mədəni əlaqələr tarixi dostluq, qardaşlıq ənənələrinin məntiqi davamıdır. Və bu əlaqələr uzaqgörən siyasi xadimlər tərəfindən qorunub, inkişaf etdirilir, regionun maraqlarına xidmət edən böyük siyasi gücə çevrilir.

Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
Tarix müəllimi Aytən Sərdarlı

Oxşar xəbərlər