Qazaxıstan dövləti və xalqı birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib

Qazaxıstan dövləti və xalqı birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib
Azərbaycan və Qazaxıstan arasında münasibətlər çox qədim tarixə malikdir. Bu gün Qazaxıstanda yüzminlərlə soydaşımız yaşayır. Təkcə bu məqam Qazaxıstanın bizim üçün necə önəmli bir ölkə olduğunu göstərir. Təbii olaraq da ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birini dəstəkləməsi uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Xüsusilə qeyd etmək yerinə düşər ki, Qazaxıstan dövləti və xalqı birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi isə dostluğumuzun daha bir nümunəsidir.
Bundan əlavə Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevriləcək. Əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır. Bu layihənin digər bir halqası da Şərqi Zəngəzur dəhlizidir. Əminliklə qeyd etmək olar ki, Cənab İlham Əliyevin səfəri zamanı aparılan müzakirələr yeni dəhlizlərin inkişafına, daha da güclənməsinə öz töhvəsini verəcək. Səfər zamanı Azərbaycan və Qazaxıstan Respublikaları arasında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən digər sənədlərin də imzalanması onu göstərir ki, qarşıdakı illərdə ölkələrimizin münasibətləri daha da möhkəmlənəcəkdir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev



Oxşar xəbərlər