Yeni siyasi platforma inkişaf edən və daim yenilənən partiya institunun da təkmilləşməsini zərurətə çevirmişdir

Yeni siyasi platforma inkişaf edən və daim yenilənən partiya institunun da təkmilləşməsini zərurətə çevirmişdir
Sivil cəmiyyətin həmişə pluralist baxışlara ehtiyacı olub. Qədim Afina, Sparta və Roma antik demokratiyanın başlanğıcında Solon, Perikl, Likurq, Brut, Qrakx qardaşlarının siyasi görüşlərindən bəhrələnmişdi.Bu tarixi şəxsiyyətlərin hər biri arxasınca apardığı kütlənin arzularını və maraqlarını ifadə edirdi. Beləcə insanların siyasi təşkilatlanması prosesi başlayırdı...
İlk siyasi partialar çox sonralar formalaşmağa başladı. Müasir partiyaların ilk nümunələri orta əsrlər İtaliyasında (XI-XII) yüzilliklərdə meydana gəlmişdi. Lakin partiyaların gerçək müasir forma almasını Qərbi Avropa ölkələrinin XVII-XIX əsrlər tarixini səhifələyərkən müşahidə edirik.
Azərbaycanda partiyaların təşəkkülü tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. O zaman baş verən təlatümlü hadisələr, həm mənfur çar rejiminə qarşı mübarizə, həm də erməni millətçiləri tərəfindən qızışdırılan milli münaqişə alovu möhkəm siyasi birləşmələri zəruri etmişdi. Məhz o zaman böyük şair Məhəmməd Hadi yazırdı:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində
Lakin o zaman milli hərəkatın yüksəliş dalğasında nəinki millət bu həyat vərəqinə öz imzasını atdı, hətta müstəqil dövlətçiliyini quraraq, üçrəngli istiqlql bayrağını dalğalandıra bildi.
Ötən əsrin son onillikləri tariximizdə yenə təlatümlü dövrlərlə yaddaşlarda qaldı. Dağılmaqda olan imperiyadan qürurlu mübarizə yolu ilə çıxan xalqımızın milli şüuru hədsiz dərəcədə artdı, siyasi partiyalar meyadana gəldi. Zaman bu partiyaları “dişinə vurdu”, ələnən ələndi, qalan qaldı,bu günə qalmayanlar isə tarixə qovuşdu.
Bu gün respublikamızda Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış 50-dən çox partiya fəaliyyət göstərir. Təxminən bir o qədər də illeqal siyasi birləşmə mövcuddur ki, onlar da cəmiyyət həyatında bu və ya başqa şəkildə rol oynayırlar.
Lakin qeydə alınmamış və hətta alınmış partiyaların əhəmiyyətli bir hissəsinin bir sıra problemləri vardır ki, onlara burada diqqət yetirmək zəruridir.
Birincisi, bu partiyaların əksəriyyəti yetərincə tərəfdar toplaya bilməmişdir. Buna görə də xalq onun fəaliyyətindən xəbərsizdir və fəaliyyəti səmərə vermir.
İkincisi,bəzi partiyalar görəvli olduğu işlə deyil, tamam başqa sahə ilə məşğul olmaqda israrlı görünür. Baxırsan, partiyanın adı, devizi, proqramı ilə gördüyü iş uzlaşmır. Hətta bəzi funksionerlər sosial mediada çaşqınlıq yaratmaqla reputasiya qazanmağa ümidli kimidirlər.
Üçüncüsu,əksər hallarda partiya üzvləri üzvlük haqqını ödəmir,dəqiq maliyyə uçotu aparılmır.Bu isə partiyaların maliyyə mənbəyi haqqında şübhəli dosye formalaşdırır.
Nəzərə almaq zəruridir ki,”Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu 30 il bundan əvvəl 1992-ci ilin 3 iyununda qəbul edilmişdi. O vaxtdan keçən dövr ərzində həm dünya miqyasında, həm də Azərbaycan gerçəkliyində bir çox mühüm ictimai-siyasi proseslər baş vermişdir ki,bunun nəticəsində həmin qanun hüquqi qüvvəsini bir çox parametrlərdə itirmiş hesab olunmalıdır.
Yeni siyasi platforma inkişaf edən və daim yenilənən partiya institunun da təkmilləşməsini zərurətə çevirmişdir. Son aylarda respublika ərazisində fəaliyyət göstərən 47 siyasi partiyadan 250-dən çox yazılı müraciətnamə məhz bu dəyişikliyin zərurəti barəsində olub.Eləcə də Milli Məclisin komitə və plenar iclaslarında deputatlar tərəfindən bu haqda 100-dən yuxarı təklif irəli sürülmüşdür.
Artıq yeni qanunun layihəsi geniş oxucu kütləsi üçün müyəssərdir. Layihə ilə bağlı 40 sualdan ibarət geniş rəy sorğusu keçirilmişdir. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra 40-dək əlavə və dəyişiklik edilib.
Layihədə partiya təsisatından tutmuş maliyyə hesabatının təqdimatına qədər beten məsələlər öz əksini tapmışdır. Layihədə aydın şəkildə yazılmışdır ki, siyasi partiyaların dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.
Şübhəsiz ki, bu hüquqi dövlətin öz vətəndaşlarına əta etdiyi insan və vətəndaş hüquqlarının müdafiəsi deməkdir.


Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər