
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Silahlı Qüvvələr Gününün tarixləşməsi Ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 26 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılmışdır. Ümummilli lider Heydər Əliyev imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır. 1993-cü il noyabrın 1-də Azərbaycanda Müdafiə Şurası yaradılıb, noyabrın 2-də isə Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya ilə xalqa müraciət edib. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin – Heydər Əliyev mərhələsinin başlanğıcı oldu.
Döyüşkən və müzəffər ordumuz həmin müddət ərzində torpaqlarımızın azadlığı sevincini bütün dost və qardaş xalqlara yaşatdı. Silahlı Qüvvələrimiz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan əsgəri və zabitlərində olan mənəvi ruh yüksəkliyi, döyüş əzmi də qələbəmizin əldə edilməsində önəmli rol oynayıb. Belə ki, bu müharibədə sıravi əsgərdən tutmuş ən yüksək rütbəli zabitlərə, Ali Baş Komandana qədər hər bir şəxsdə güclü mənəvi ruh, döyüşkənlik əzmi ən yüksək səviyyədə olub.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi