26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü xalqımızın orduya olan hörmət və ehtiramını, vətənə sədaqətini və müstəqilliyə bağlılığını ifadə edən bir gündür

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü xalqımızın orduya olan hörmət və ehtiramını, vətənə sədaqətini və müstəqilliyə bağlılığını ifadə edən bir gündür
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalı, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” - Ulu Öndər Heydər Əliyev (02.02.1996-cı il)
Azərbaycanın müasir tarixinə qırmızı hərflərlə həkk edilmiş bu hadisənin qısa tarixinə nəzər salaq.
26 İyun hər il Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Ordusunun yaranmasının təməl günlərindən biri kimi ölkəmizin müasir hərb tarixində mühüm yer tutur. Bu gün xalqımızın orduya olan hörmət və ehtiramını, vətənə sədaqətini və müstəqilliyə bağlılığını ifadə edən bir gündür. Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycan Demokratik Respublikası yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atmışdı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyənnaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyunun 26-da ilk dəfə milli ordu quruculuğuna başlanıldı və Müsəlman Korpusu əsasında Azərbaycan Milli Ordusu yaradıldı. Həmin tarixdə ordu quruculuğu sahəsində ilk ciddi addımlar atıldı və bu da gələcək müstəqil Azərbaycanın hərbi dayaqlarını formalaşdırdı.
1991-ci ildə ölkə müstəqilliyini bərpa etdikdən sonra da bu ənənə davam etdirilsə də, ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Peşəkar ordu quruculuğunun əsası isə məhz 1993-cü ilin sonlarında Ulu öndər Heydər Əliyevin ölkəyə yenidən qayıdışından sonra başlandı. Müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu və ordudakı siyasiləşməyə son qoyuldu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu artırıldı.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may sərəncamı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Peşəkar kadr hazırlığını gücləndirmək üçün Ulu Öndər Heydər Əliyev 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.
Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.
1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsi sayıla bilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu məsələlərini hər zaman diqqət mərkəzində saxlayıb. Onun diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı;
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb;
2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusu xalqımıza qələbə sevinci yaşatdı.Sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri və medalları təsis edilmişdir. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. həmçinin 15 yeni medal - təsis olunub;
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Qələbə və qardaşlıq rəmzi olan Zəfər Paradı keçirildi. Düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri Kamil Həşimov

Oxşar xəbərlər