
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ordu quruculuğuna başlansa da, bu proses dərhal mümkün olmadı. Ölkədə yalnız ayrı-ayrı silahlı dəstələr mövcud idi. 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yenidən qurulan Azərbaycan ordusu şərəfli döyüş yolu keçib. Horadiz əməliyyatlarından başlayaraq bu günə qədər Azərbaycan ordusu bir dəfə də olsun düşmən qarşısında geri addım atmamış, baş verən toqquşmalarda, Vətən müharibəsində, sərhəd döyüşləri və anti-terror tədbirlərində qəhrəman Azərbaycanın qəhrəman silahlı qüvvələri təhlükəsizliyimizin təmin olunması, qələbə əldə edilməsi və Ermənistanın silahlı qüvvələrinin darmadağın edilməsində müstəsna rol oynayıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində və ondan sonrakı dövrdə əldə etdiyimiz qələbə, bu gün Azərbaycanın bütün ərazilərinin işğaldan azad olunması və suverenliyimizin bərpa edilməsi ilə nəticələnib. Müharibənin başa çatmasına baxmayaraq, bu gün də dövlətimiz əldə olunan qələbələrin qorunması üçün kifayət qədər geniş şəkildə islahatlar həyata keçirir. Ordumuzun döyüş qabiliyyətinin, texniki təchizatının artırılması üçün addımlar atılır. Hazırda idarəetmə məntəqələri avtomatlaşdırılır, həmçinin qoşunlarımızın manevr qabiliyyətini artırmaq üçün texniki vasitələrlə təchizatı daha üstün səviyyəyə gətirilib.
Azərbaycan Ordusu bundan sonra da Cənubi Qafqazda ən ön sırada yer alacaq, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qarantı olacaqdır.
Vüqar Muradov-YAP Saunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi