Tramp hədələdi: ermənilər Qarabağdan əl çəkir

Tramp hədələdi: ermənilər Qarabağdan əl çəkir ABŞ-ın 2018-ci il planları İrəvanda şok doğurdu

ABŞ-ın Dağlıq Qarabağ rejiminə yardımları birdəfəlik dayandıra bilməsi barədə yayılan xəbər Ermənistanda ciddi narahatlıq doğurub.

İstiPress-in məlumatına görə, məsələ ilə bağlı erməni ekspert Aqasi Yenokyana müraciət edən “1in.am” saytının əməkdaşı ABŞ-dakı erməni lobbisinin daha çox soyqırım məsələsinə diqqət yetirməsindən və Qarabağı arxa plana keçirməsindən şikayət edib.

Aqasi Yenokyan isə iddia edib ki, ABŞ erməniləri daha çox tarixi Ermənistanla maraqlanırlar və gələcəyin Ermənistanı ilə maraqlanmırlar: “Onlar üçün erməni məsələsi - Ermənistan məsələsi deyil, tarixi Ermənistan məsələsidir, erməniliyin gələcəyinin məsələsi deyil. Diaspora qurumları bu məsələni fərqli şəkildə anlayırlar”.

Ermənilərin narahatlığının kökündə Donald Trampın prezident seçilməsindən sonra Ermənistana ayrılan yardımlarıy 4 dəfə azaldılması durur. Nüfuzlu “Foreign Policy” nəşrinin əldə etdiyi 2018-ci il ABŞ-ın dövlət büdcəsi layihəsi sənədinə görə, Tramp adminstrasiyası Ermənistana maliyyə yardımını planlaşdırılan 17,6 milyon dollardan 4 milyon dollara salmaq niyyətindədir. Dağlıq Qarabağın adı isə ümumiyyətlə siyahıda yoxdur. Amma bundan əvvəlki illərdə Dağlıq Qarabağ bu köməyi alırdı.

Məsələn, 1998-ci ildə ABŞ-ın Dağlıq Qarabağa yardımı 12.5 milyon dollar təşkil edib. Sonradan işğalçı recimə edilən yardımlar ildən ilə azalıb və 2003-cü ildən bu, 2 milyon dollara düşüb. Dağlıq Qarabağa yardım Əfqanıstan, Pakistan, Serbiya və Kosovo kimi ölkələrlə birlikdə xüsusi komissiya tərəfindən verilirdi. Bu, erməniləri o qədər həvəsləndirirdi ki, onlar ABŞ erməni icmasından Dağlıq Qarabağı danışıqlar prosesinə qoşmaq üçün fəaliyyətə başlamağı tələb edirdilər. Amma göründyü kimi, Tramp adminstrasiyası bu planların üstündən xətt çəkdi.

Amma Ermənistanda Trampın bu addımını dəstəkləyənlər də olub. Məsələn, İrəvanda yaşayan “Facebook” istifadəçisi Mel Arevyan bu xəbərə şərh yazaraq bildirir ki, ermənilər üçün nə Qarabağ, nə də Türkiyə ərazisində qalmış tarixi Ermənistan əsas ola bilməz: “Bütün ermənilər, Ermənistanda və ya dias por erməniləri (ilk öncə Rusiyadakı diaspor təmsilçiləri) bilməlidir ki, bizdən ötrü indi mövcud olan Ermənistan Respublikası əsasdır. Nə soyqırım, nə də Qarabağ məsələsi əsas ola bilməz. İQTİSADİYYAT, MÜSTƏQİLLİK, ƏHALİNİN QORUNMASI - əsas məsələ budur!!! Bu günkü Ermənistan olmasa, nə soyqırımın tanınması, nə Qarabağ və qalanlar heç kimə lazım olmayacaq”.

Maraqlıdır ki, ermənilər Mel Arevyanın bu çıxışına qarşı çıxmayıblar. İki nəfər hətta onun bu şərhini bəyənib. Nə bilmək olar. Ola bilər ki, erməni xalqı doğrudan düz yola gəlir və “Böyük Ermənistan” xəyalı ilə şanslarına düşmüş Ermənistan Respublikasını da məhv etmək siyasətindən əl çəkirlər. Fakt budur ki, Qarabağ münaqişəsi Ermənistanı məhv edən əsas səbəbdir. Ermənilər bu xülyadan əl çəkməsələr, onların Qafqazdakı gələcəyi sual altına düşür.

Oxşar xəbərlər