Rusiya Türkiyəni razı salmağa çalışır: 5 rayon müqabilində...

Rusiya Türkiyəni razı salmağa çalışır: 5 rayon müqabilində... Moskva Türkiyəyə Suriyada cüzi güzəştlər etməklə Ankaranı razı salmağa çalışır ki, Azərbaycana təsir göstərsin.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri əsnasında Qarabağ məsələsi illə bağlı ümumi xarakterli bəyanatlar verməsinə, detalları bəlli olmasa da, Lavrov-Ərdoğan və Lavrov-Çavuşoğlunun Qarabağ danışıqlarını şərh edən politoloq çox önəmli məqamlara işıq salıb:

“Rusiya sanki Qarabağ probleminə dair Ermənistanla üst-üstə düşən fikirlərini Türkiyəyə də təlqin etməyə çalışır. Hazırkı proses təxminən belədir: ənənəvi Dağlıq Qarabağ qalır, onun ətrafındakı rayonlar hissə-hissə Azərbaycana geri qaytarılır və referendumla Qarabağın son statusu müəyyənləşdirilir. Ortada bir keçici status məsələsi var, hansı ki, ruslar onu da işə salıblar. Bu da 5 rayonun azad olunması müqabilində Dağlıq Qarabağa keçici statusun verilməsidir. Ancaq Azərbaycan münaqişənin yeni Madrid prinsipləri əsasında nizama salınmasını tələb edir”.

Politoloq hətta Rusiyanın Türkiyəni Dağlıq Qarabağın tənzimlənməsi istiqamətində bəzi məsələlərlə bağlı razı salmağa çalışdığını da xüsusilə vurğulayıb:

“Moskva Suriyada Türkiyəyə cüzi güzəştlər etməklə Ankaranı razı salmağa çalışır ki, Azərbaycana təsir göstərsin və Dağlıq Qarabağ ətrafındakı rayonları qismən azad etməklə erməniləri qane edəcək statusu bizə qəbul etdirsin. Proses olduqca ağır bir mərhələdən keçir. Prezident İlham Əliyev buna Tərtər və Ağdam səfərində çox açıq və birmənalı cavab verdi. Ölkə rəhbərinin mövqeyi sona qədər dəyişməz olaraq qalır. Baxmayaraq ki, Rusiyanın mövqeyi tamamilə Ermənistanın tərəfindədir və eyni zamanda, Moskva Ankaraya da təsir göstərməklə Bakını müəyyən kompromislərə getməyə, Dağlıq Qarabağ məsələsində razı salmağa çalışır. Bütün səylərə rəğmən, Azərbaycan Dağlıq Qarabağ məsələsində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.(Axar.az)

Oxşar xəbərlər