Azərbaycanın strateji mövqeyi və regional təhlükəsizlik siyasəti

Azərbaycanın strateji mövqeyi və regional təhlükəsizlik siyasəti
Müasir dövrdə Azərbaycan regionun ən mühüm dövlətlərindən biri kimi beynəlxalq əməkdaşlıq və təhlükəsizlik məsələlərində fəal rol oynayır. Ölkəmizin əlverişli coğrafi mövqeyi və həyata keçirilən iri layihələr Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşa çevirib. Bu dəhlizlər vasitəsilə müxtəlif qitələr arasında ticarət və iqtisadi əlaqələr daha da genişlənir, ölkəmizin tranzit imkanları isə ildən-ilə artır. Bu proseslər Azərbaycanın regionda strateji əhəmiyyətini daha da gücləndirir.
Bu gün Azərbaycan yalnız iqtisadi layihələrin iştirakçısı deyil, eyni zamanda regionlar arasında körpü rolunu oynayan mühüm dövlət kimi çıxış edir. Həyata keçirilən nəqliyyat və logistika layihələri müxtəlif ölkələri birləşdirir, ticarət dövriyyəsini artırır və beynəlxalq əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır. Bütün bunlar Azərbaycanın dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirir.
Regional təhlükəsizlik məsələsi isə Azərbaycan üçün hər zaman bir nömrəli prioritet olub. Dövlətimiz bölgədə sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu siyasətin əsas məqsədi həm ölkəmizin milli maraqlarını qorumaq, həm də regionda davamlı sülh və inkişaf üçün möhkəm zəmin yaratmaqdır.
Uzun illər davam edən işğal probleminə son qoyulması isə Azərbaycanın tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan öz ərazilərini güc vasitəsilə azad edərək beynəlxalq hüququn tələblərini bərpa etmişdir. Bununla yanaşı, ölkəmiz regionda davamlı sülhün təmin olunması üçün siyasi və diplomatik yollarla da fəal təşəbbüslər irəli sürür.
Bu gün Azərbaycan həm güclü dövlət, həm də etibarlı tərəfdaş kimi regionda mühüm rol oynayır. Həyata keçirilən strateji layihələr, təhlükəsizlik siyasəti və sülh təşəbbüsləri ölkəmizin gələcək inkişafına, eləcə də regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir və ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirir.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta ümumtəhsil
məktəbin məktəbdən və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Rüfanə Abdullayeva


Oxşar xəbərlər