Əgər, Yaxın Şərqdə hərbi eskalasiya indiki intensivlikdə davam edərsə, bu müharibə yalnız regional hərbi qarşıdurma çərçivəsində qalmayacaq... Yəni, bu savaşın dərinləşmə məkanı həm də dünya iqtisadiyyatının gələcək taleyini müəyyən edəcək əsas geopolitik poliqonlardan birinə çevrilə bilər..."Yeni Müsavat" xəbər verir ki, Yaxın Şərqdə baş verən hadisələrin ABŞ-ın hərbi-strateji hesablamalarının çərçivəsindən kənara çıxmağa başladığı müşahidə olunur. Belə ki, bu regionda davam edən hərbi qarşıdurma gözlənildiyindən daha mürəkkəb və təhlükəli mərhələyə daxil olmuş kimi görünür. Qərb mediasının məlumatlarına görə, İranın cavab zərbələrinin miqyası və taktiki yanaşması ABŞ üçün gözlənilməz olub.
Məsələ ondadır ki, nüfuzlu Böyük Britaniya nəşri "Financial Times" iddia edir ki, Tramp administrasiyası hərbi münaqişənin bu qədər sürətlə regional miqyas alacağını təxmin etməyib. Xüsusilə də, Pentaqonda İranın istifadə edəcəyi hərbi taktikanın genişmiqyaslı xarakter daşıya biləcəyini əvvəlcədən tam hesablamağa nail olmayıb. Bu isə Yaxın Şərqdəki müharibənin yalnız hərbi deyil, həm də qlobal iqtisadi və enerji təhlükəsizliyi böhranına çevrilmə riskini daha da artırır.
Onu da qeyd etmək lazımdır ki, hazırda müharibənin dağıdıcı gücü tədricən enerji arteriyalarına doğru yönəltməyə başlayıb. Əslində, bu hərbi münaqişənin elə ən təhlükəli tərəfi də məhz onun qlobal enerji bazarına birbaşa təsir etməyə başlamasıdır. Bəzi məlumata görə, rəsmi Tehran Fars körfəzi boyunca yerləşən enerji infrastrukturu və logistika marşrutlarına təzyiq göstərərək, müharibəni regional çərçivədən çıxarmaqla, daha da genişləndirməyə çalışır.
Xüsusilə də dünyanın ən strateji enerji keçidlərindən biri olan "Hörmüz" boğazı üzərində yaranan hərbi təhlükə qlobal bazarda ciddi narahatlıq yaradıb. Bu boğaz vasitəsilə hər gün dünya neft ticarətinin təxminən beşdə biri reallaşdırılır. İranın bu marşrutda risk yaratması nəticəsində artıq neft və qaz tədarükü azalır, enerji qiymətləri isə yüksəlməyə başlayır. Və beləliklə, bu münaqişə yalnız hərbi qarşıdurma deyil, həm də qlobal enerji balansını sarsıdan strateji təzyiq mexanizminə çevrilir.
Qərb mənbələrinin iddialarına görə, İran son iki həftə ərzində həm region ölkələrinə, həm də İsrailə qarşı ümumilikdə üç mindən çox raket və pilotsuz uçuş aparatı istifadə edib. Belə hücumların əsas xüsusiyyəti isə onların hərbi-texnoloji deyil, məhz iqtisadi-ticari effektivliyidir. İran ucuz kamikadze dronlarından Yaxın Şərq ölkələrində liman infrastrukturunu, hərbi bazaları, neft terminallarını və s. bu kimi hədəflərə zərbələr endirmək üçün istifadə etməyə çalışır.
Qərb hərbi mütəxəssislərinin qənaətinə görə, rəsmi Tehranın bu strategiyası İranın son illərdə inkişaf etdirdiyi asimmetrik müharibə doktrinasının praktik tətbiqi anlamına gəlir. Bu modelin əsas məqsədi bahalı silah sistemlərinə malik olan rəqib dövlətləri iqtisadi baxımdan, tükəndirmək və onların hava hücumundan müdafiə sistemlərini yükləməkdir. Qərb mənbələrinin ehtimalına görə, iranlılar çox az xərclə, çox böyük hərbi-strateji təsir dalğası yaratmağa çalışırlar.
Qərb hərbi-siyasi dairələrində indi ən çox müzakirə olunan mövzulardan biri də məhz rəsmi Tehranın bütün hərbi potensialını istifadə edib-etmədiyi ilə bağlıdır. Hərbi analitiklər diqqəti daha bir vacib məqama çəkirlər. Onların fikrincə, İran hərbi münaqişənin indiki mərhələsində öz arsenalının hələ yalnız bir hissəsini istifadə etmiş ola bilər. Onların qənaətinə görə, rəsmi Tehran hələ daha uzaqmənzilli ballistik raketləri, yeni nəsil dron sistemlərini, inkişaf etmiş raket texnologiyalarını, tam şəkildə döyüşə daxil etməyib. Və bu isə hərbi münaqişənin genişmiqyaslı eskalasiya potensialının hələ də çox yüksək olduğunu göstərir.
Digər tərəfdən, ABŞ prezidenti Donald Trump da son açıqlamasında İran əleyhinə hərbi əməliyyatın nə vaxt başa çatacağının hələ məlum olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ silahlı qüvvələri İranın Xarq adasında yerləşən bütün hərbi hədəfləri məhv edib. Ancaq Ağ Ev sahibinin bu bəyanatı da müharibənin sonu barədə tam aydınlıq yaratmır. Əksinə, bu, ABŞ-ın qarşılaşdığı strateji dilemmanı daha da açıq şəkildə göstərir. Və ABŞ üçün indi əsas problem var müharibənin həm uzanması, həm də onun regional miqyasdan qlobal iqtisadi böhrana çevrilmə ehtimalıdır.
Maraqlıdır ki, qlobal güclərin bəziləri indi daha çox gözləmə strategiyasına üstünlük verirlər. Çünki mövcud vəziyyət böyük geopolitik oyunçular üçün də yeni geostrateji imkanlar yaradır. Bəzi analitiklərin fikrincə, hərbi münaqişənin uzanması enerji bazarlarında qeyri-sabitliyi artırır, qlobal inflyasiya risklərini yüksəldir. ABŞ-ın hərbi-siyasi resurslarını isə Yaxın Şərqə daha çox bağlayır. Bu isə istənilən halda, digər böyük güclər üçün geostrateji manevr imkanlarını daha da genişləndirə bilər.
Beləliklə, Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, bu müharibə artıq yalnız regional qarşıdurma deyil. İranın tətbiq etdiyi taktika hərbi münaqişəni qlobal enerji və iqtisadi təhlükəsizlik məsələsinə çevirir. Əgər, hərbi eskalasiya davam edərsə, Fars körfəzi yalnız regional hərbi qarşıdurmanın deyil, həm də dünya iqtisadiyyatının gələcək taleyini müəyyən edəcək əsas geopolitik poliqonlardan birinə çevrilə bilər.