
Bu siyasətin əsas məqsədi — müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir. Ölkəmiz eyni zamanda bir neçə geosiyasi mərkəzlə əməkdaşlıq edir: Avropa İttifaqı (Qərb), Türk Dövlətləri Təşkilatı (Türk dünyası) və MDB (post-sovet məkanı).
"Çoxvektorlu xarici siyasət" anlayışı Azərbaycan diplomatiyasının əsas dayaqlarından biridir. Hətta aralarında ziddiyyətlər olan ölkələrin və regional təşkilatların Azərbaycan hər biri ilə münasibətləri qarşılıqlı fayda, iqtisadi maraqlar və siyasi neytrallıq prinsipləri əsasında qoruyur. Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü rolunu oynayır.
Prezident İlham Əliyevin son günlərdə müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür. Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var.
Dövlət başçımızla dialoqa olan marağı Kopenhagendə keçirilən “Avropa Siyasi birliyinin” Sammiti, Qəbələdə keçirilən TDT zirvəsi və oktyabrın 10-da Düşənbədə keçirilən MDB Sammiti zamanı onunla keçirilən ikitərəfli görüşlər bir daha sübut edir. Azərbaycanın xarici siyasəti bloklara qoşulmama, amma hamı ilə işləmə prinsipinə əsaslanır. Bu siyasət sabitlik və etibarlılıq üzərində qurulub. Nəticədə, Azərbaycan multi-regional diplomatiyanın əsas aktorlarından birinə çevrilib və Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində aparıcı rol oynayır.
Son onillikdə aparılan uğurlu iqtisadi diplomatiya ölkəmizin xarici siyasətinin mühüm istiqamətinə çevrilib. Azərbaycan enerji, nəqliyyat və logistika layihələri (Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Bakı–Tbilisi–Qars dəmiryolu və s.) vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji mərkəzə çevrilib. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi liderlik deməkdir — Azərbaycan regionda sabitlik, əlaqələndirmə və əməkdaşlıq platforması kimi çıxış edir.
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB ölkələri arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət prinsiplərinin möhkəmlənməsinə yönəlmiş ardıcıl siyasətin təzahürü oldu. Dövlət başçısının humanitar, mədəni və idman əməkdaşlığına dair mesajları bir daha göstərdi ki, Azərbaycan MDB məkanında birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır. Gəncədə keçirilən III MDB Oyunları və Laçının mədəniyyət paytaxtı seçilməsi bu siyasətin uğurlu nəticələridir.
Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib, ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva