Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən yerüstü keçid istifadəyə verildiyi vaxtdan bəri müzakirələrə səbəb olub.Bunun səbəbi keçidin üzərinin açıq olması və liftlərin işləməməsidir. Körpüdən istifadə edən sərnişinlər yağışlı, küləkli və isti hava şəraitində keçidin üzərinin açıq olmasından dolayı narazılıq edirlər.
Digər tərəfdən liftlərin əksər vaxt işləməməsi yaşlı, əlilliyi olan və hamilə qadınlar üçün keçiddən istifadəni mümkünsüz edir.
Yaxın vaxtlarda “Şamaxinka” da hərəkətin yenidən təşkil edilməsi və işıqforların quraşdırılması piyadalar üçün yolun keçilməsini asanlaşdırıb.
Bu da onsuz da istifadəsi əlverişsiz olan yerüstü keçidin sökülüb-sökülməyəcəyi mövzusunu gündəmə gətirib.
Ölkə.Az suala cavab tapmaq üçün Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq piyada keçidi ilə bağlı dəyişiklik olub-olmayacağı məsələsinə aydınlıq gətirilib:
“Sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tənzimlənib. Mövcud piyada keçidi isə piyadaların həmin hissədə avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi daşıyır.
İntensiv nəqliyyat axını olan ərazilərdə piyadaların təhlükəsizliyinin qorunması əsas prioritetlərdən biridir. Yerüstü piyada keçidi də məhz bu məqsədlə quraşdırılıb və piyadaların hərəkət hissəsinə çıxmadan yolu keçməsinə imkan yaradır.
Bu səbəbdən hazırda həmin ərazidə mövcud yerüstü piyada keçidinin sökülməsi və ya ərazi üzrə əlavə dəyişikliklərin edilməsi nəzərdə tutulmur”.