Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir. “Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb. Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb. Çıxışında Dövlət başçısı vurğuladı ki, bu gün dünyada baş verən hadisələr təhlükəsizlik və sabitlik məsələlərinin hər bir dövlət üçün əsas prioritetə çevrildiyini göstərir. Müasir beynəlxalq münasibətlər sistemi ciddi çağırışlarla üz-üzədir və bir çox ölkələr uzun illər ərzində qurduqları inkişaf modelinin təhlükə ilə qarşılaşdığını görürlər. Bu baxımdan təhlükəsizlik, müdafiə və sabitlik məsələləri bütün digər inkişaf istiqamətlərinin əsasında dayanır. Çünki bu amillər olmadan iqtisadi inkişafdan, sosial rifahdan və ya beynəlxalq əməkdaşlıqdan danışmaq mümkün deyil.Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan da uzun illər ərzində məhz təhlükəsizlik məsələlərini əsas prioritet kimi müəyyənləşdirib. Xüsusilə Ermənistanın işğal siyasəti nəticəsində ölkənin ərazi bütövlüyünün pozulması Azərbaycanın qarşısında duran ən böyük problem idi. Buna görə də dövlət siyasətinin əsas məqsədi suverenliyin və ərazi bütövlüyünün bərpası olmuşdur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Ermənistanla münasibətlərində yeni mərhələnin başladığını bildirdi. O qeyd etdi ki, iki ölkə arasında sülhün əldə olunması region üçün mühüm hadisədir. 2023-cü ilin payızında baş vermiş son qanlı toqquşmadan sonra cəmi iki ildən az müddətdə sülh razılaşmasına nail olunması normallaşmanın görünməyən sürətidir. Dövlət başçısı vurğuladı ki, bu nəticə güclü siyasi iradə və müharibənin sona çatmalı olduğunun dərk olunması sayəsində mümkün oldu. Artıq yeddi aydır ki, regionda real sülh şəraiti mövcuddur, sərhəddə sabitlik təmin edilib və hərbi itkilər qeydə alınmır. Dövlət başçısının sözlərinə görə, “sülhdən daha yaxşı heç nə yoxdur” və Azərbaycan məhz davamlı və uzunmüddətli sülhün tərəfdarıdır.Azərbaycanın sülhə sadiqliyinin göstəricisi kimi Ermənistanla iqtisadi əlaqələrin bərpası da qeyd edildi. Prezident bildirdi ki, Azərbaycan Ermənistan istiqamətində bir sıra məhdudiyyətləri aradan qaldırıb və hətta enerji məhsullarının ixracına başlayıb. Bu addım Azərbaycanın regionda davamlı sabitlik yaratmaq niyyətini nümayiş etdirir.Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı müasir dünyada baş verən dəyişikliklər fonunda Azərbaycanın siyasi baxışlarını və strateji prioritetlərini aydın şəkildə ortaya qoydu. Çıxışda təhlükəsizlik, sülh, enerji əməkdaşlığı və nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi məsələlər xüsusi vurğulandı. Azərbaycanın işğal, müharibə və sülh mərhələlərindən keçərək əldə etdiyi təcrübə beynəlxalq ictimaiyyət üçün mühüm nümunə kimi təqdim edildi. Prezidentin vurğuladığı kimi, güclü siyasi iradə, beynəlxalq hüquqa hörmət və regional əməkdaşlıq sülhün və sabitliyin təmin olunmasının əsas şərtləridir. Bu baxımdan Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da sabitlik və əməkdaşlıq üçün mühüm tərəfdaş kimi çıxış etməyə davam edir.
Maştağa qəsəbəsi, 293 № tam orta məktəbin
tarix müəllimi Aytən Musayeva