20 Yanvar şəhidlərini yalnız anmaq deyil, onların uğrunda can verdiyi müstəqilliyi qorumaq bizim əsas vəzifəmizdir

20 Yanvar şəhidlərini yalnız anmaq deyil, onların uğrunda can verdiyi müstəqilliyi qorumaq bizim əsas vəzifəmizdir
Bəzi tarixlər var ki, təqvimdə adi gün kimi görünür, amma xalqın yaddaşında əbədi iz buraxır. 20 Yanvar 1990-cı il Azərbaycan xalqı üçün məhz belə bir gündür. Həmin gecə yalnız insanlar həyatını itirmədi, eyni zamanda bir imperiyanın saxta “ədalət” və “qardaşlıq” anlayışları da ifşa olundu.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən sovet ordusu hərbi əməliyyat deyil, dinc əhaliyə qarşı cəza tədbiri həyata keçirirdi. Şəhərin küçələrində tankların hərəkəti, açılan atəşlər, yaralı insanlara kömək etməyə çalışanların belə güllələnməsi bu hadisənin mahiyyətini açıq şəkildə göstərirdi. İnsanların əllərində silah yox idi, onların yalnız azad yaşamaq istəyi var idi.
Faciənin ən ağrılı tərəfi ondan ibarət idi ki, bu qanlı əməliyyat öncədən düşünülmüş və planlaşdırılmış şəkildə icra edilmişdi. Fövqəladə vəziyyətin elan olunması barədə məlumat əhaliyə bildirilmədən, şəhər tam nəzarət altına alındı. Minlərlə ailə bir gecənin içində övladını, atasını, anasını itirdi. Bu hadisə təkcə fiziki yox, eyni zamanda mənəvi terror idi.
20 Yanvar hadisələri Azərbaycan xalqının mübarizə ruhunu sındırmadı. Əksinə, xalq ilk dəfə bu qədər aydın şəkildə anladı ki, azadlıq başqasından gözlənilməməli, qurban bahasına olsa belə, əldə edilməlidir. Məhz bu faciədən sonra müstəqillik ideyası kütləvi şəkildə milli məqsədə çevrildi.
Həmin ağır günlərdə xalqın yanında olan və həqiqəti açıq şəkildə ifadə edən şəxs Ulu Öndər Heydər Əliyev oldu. O, SSRİ rəhbərliyinin qərarını qətiyyətlə pislədi və Azərbaycan xalqına qarşı törədilən zorakılığın cinayət xarakteri daşıdığını bəyan etdi. Bu mövqe gələcəkdə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsinin əsasını qoydu.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində ehtiramla yad edilir. Onların ailələri daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasət bu ailələrin qayğı ilə əhatə olunmasına xidmət edir. Bu, sadəcə maddi dəstək deyil, mənəvi borcun ifadəsidir.
20 Yanvar həm də dünya azərbaycanlılarının birliyinə təkan verdi. Bu faciə göstərdi ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ortaq dərdi və ortaq taleyidir.
Bu gün azad Azərbaycanda yaşayan gənclər olaraq bizim üzərimizə böyük məsuliyyət düşür. 20 Yanvar şəhidlərini yalnız anmaq deyil, onların uğrunda can verdiyi müstəqilliyi qorumaq bizim əsas vəzifəmizdir. Tarix sübut etdi ki, bu xalq susanda yox, ayağa qalxanda yaşayır.
20 Yanvar – sükutun qırıldığı, millətin öz sözünü dediyi gündür.

Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Mail Kərimov

Oxşar xəbərlər