Qanlı Yanvar Azərbaycan xalqının tarixində həm faciə, həm də milli oyanışın zirvəsi kimi yadda qalmışdır. 1980-ci illərin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və mərkəzi sovet hakimiyyətinin qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirmişdi.1990-cı il 20 Yanvar hadisələri Sovet rəhbərliyi tərəfindən “Bakı əməliyyatı” adı altında həyata keçirilmişdi. Bu əməliyyatın əsas məqsədi Azərbaycanda güclənən milli azadlıq hərəkatını boğmaq, xalqın müstəqillik iradəsini sındırmaq və imperiya nəzarətini bərpa etmək idi. Lakin “Bakı əməliyyatı” hərbi-strateji tədbir olmaqdan daha çox, dinc əhaliyə qarşı yönəlmiş, əvvəlcədən planlaşdırılmış kütləvi terror aktı idi. Əməliyyata SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı qüvvələri cəlb olunmuşdu. Bakıya yeridilən on minlərlə hərbçi tanklar, zirehli texnika və ağır silahlarla təmin edilmişdi. Şəhərin giriş-çıxış yolları bağlanmış, rabitə xətləri kəsilmiş, televiziya mərkəzi partladılmışdı. Əhali baş verənlərdən xəbərsiz saxlanılmış, fövqəladə vəziyyət elan olunmadan küçələrdə hərbi əməliyyatlar aparılmışdı. “Bakı əməliyyatı” zamanı hərbçilərə dinc əhaliyə qarşı atəş açmaq əmri verilmişdi. Nəticədə qadınlar, uşaqlar, qocalar və təsadüfi yoldan keçən insanlar amansızcasına qətlə yetirildi. Təcili yardım maşınlarına belə atəş açılması bu əməliyyatın əsl mahiyyətini – insanlığa qarşı cinayət olduğunu açıq şəkildə göstərirdi, Sovet rejiminin əsl mahiyyətini üzə çıxardı.Bu hadisə Sovet ordusunun “xalq ordusu” mifini tamamilə dağıtdı.
Qanlı Yanvar hadisələri nəticəsində yüzlərlə insan şəhid oldu, minlərlə insan yaralandı. Bu faciə Sovet imperiyasının Azərbaycan xalqı qarşısında bütün siyasi və hüquqi dayaqlarını itirməsinə səbəb oldu. Xalq artıq bu rejimə inanmadığını və azad yaşamaq əzmində olduğunu açıq şəkildə nümayiş etdirdi. 20 Yanvar hadisələri bir tərəfdən faciə, digər tərəfdən isə qəhrəmanlıq və ləyaqət nümunəsi kimi tarixə həkk olundu.
Bu hadisələrə ilk dəfə açıq və cəsarətli siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək Sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti kəskin şəkildə pislədi. Bu bəyanat xalqın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Azərbaycan Respublikası Milli Məclisində 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verildi.
20 Yanvar faciəsi Azərbaycan xalqının milli kimliyinin formalaşmasında mühüm mərhələ oldu. Bu hadisələr xalqı daha da birləşdirdi, müstəqillik ideyasını gücləndirdi və azad dövlət qurmaq yolunda qətiyyət yaratdı. 20 Yanvar şəhidləri Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəmanlar kimi tarixdə əbədi yer aldılar. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər xiyabanının müqəddəs məkana çevrilməsi bunun bariz nümunəsidir.
Bu gün Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşır. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı dövlətin bu müqəddəs yaddaşa sadiqliyini göstərir. Eyni zamanda, 20 Yanvar hadisələri dünya azərbaycanlılarının təşkilatlanmasına və milli həmrəyliyin möhkəmlənməsinə güclü təkan vermişdir. Nəticə etibarilə, 20 Yanvar Azərbaycan tarixində silinməz iz buraxmış unudulmaz bir səhifədir. Bu gün yalnız matəm günü deyil, həm də azadlıq, mübarizə və milli qürur günüdür. 20 Yanvar sübut etdi ki, Azərbaycan xalqının iradəsini güc yolu ilə qırmaq mümkün deyil. Müstəqil Azərbaycan dövləti məhz bu şəhidlərin qanı və fədakarlığı hesabına qurulmuşdur və bu müqəddəs xatirə xalqımızın yaddaşında daim yaşayacaqdır.
Maştağa qəsəbəsi,1 28N-⁰li tam orta məktəbin
Texnologiya fənn müəllimi Təranə Səfərova