Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi

Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi 20 Yanvar faciəsi Azərbaycan xalqının milli kimliyinin formalaşmasında mühüm tarixi mərhələdir. 1990-cı ilin yanvarında baş verən bu qanlı hadisə xalqımızın azadlıq, müstəqillik və milli özünüdərk yolunda həlledici dönüş nöqtəsi olmuşdur. Həmin gün xalq yalnız ağır itkilər verməmiş, eyni zamanda öz milli birliyini və gücünü dərk etmişdir.
20 Yanvar hadisələri azərbaycanlıların sovet ideologiyasından uzaqlaşaraq öz milli dəyərlərinə daha sıx bağlanmasına səbəb oldu. Bu faciə xalqın özünü vahid millət kimi tanımasına, ortaq tarix, dil, mədəniyyət və Vətən anlayışı ətrafında birləşməsinə güclü təsir göstərdi. Şəhidlərin qanı ilə yazılan bu tarix milli şüurun oyanışını sürətləndirdi. Faciədən sonra cəmiyyətdə vətənpərvərlik hissləri gücləndi, azad və müstəqil dövlətə sahib olma ideyası ümummilli məqsədə çevrildi. İnsanlar anladılar ki, milli kimlik yalnız ad və mənsubiyyət deyil, həm də azadlıq uğrunda mübarizə, birlik və məsuliyyətdir. Bu baxımdan 20 Yanvar milli kimliyimizin ideoloji əsaslarının formalaşmasında mühüm rol oynadı. Bu gün 20 Yanvar hadisələri gənc nəsildə milli mənsubiyyət hissinin aşılanmasında xüsusi əhəmiyyət daşıyır. Bu tarix gənclərə xalqımızın hansı çətinliklər bahasına müstəqillik qazandığını xatırladır və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarına xidmət edir.Nəticə etibarilə, 20 Yanvar faciəsi təkcə tarixi bir hadisə deyil, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, milli şüurun möhkəmlənməsində və müstəqil dövlətçilik ideyasının bərqərar olmasında mühüm rol oynayan əbədi bir dərsdir.


Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
müəllimi Lamiyə Alıyeva



Oxşar xəbərlər