Azərbaycan xalqının tarixində 20 Yanvar faciəsi dərin iz buraxmış, milli yaddaşımıza qanla yazılmış ən faciəli hadisələrdən biri kimi qalmaqdadır. 1990-cı ilin 20 yanvar gecəsi Sovet imperiyası tərəfindən Bakıya yeridilən silahlı qoşun hissələri dinc əhaliyə qarşı amansız və qəddar davranaraq, insanlıq əleyhinə ağır cinayət törətmişdir. Bu hadisə təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış, məqsədli və düşünülmüş bir qırğın idi. Həmin gecə qadın, uşaq, qoca demədən, silahsız insanlar tankların, zirehli maşınların və müxtəlif çaplı silahların hədəfinə çevrildi. Küçələrdə, evlərdə, hətta təcili yardım maşınlarında belə insanlar güllələndi. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayət idi. Sovet rəhbərliyi xalqın azadlıq iradəsini boğmaq, milli oyanışı dayandırmaq məqsədi ilə qan tökmək yolunu seçmişdi.
20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq tarixində dönüş nöqtəsi olmuşdur. Bu faciə Sovet imperiyasının öz dağılmaqda olan rejimini qorumaq naminə hansı qəddarlığa hazır olduğunu açıq şəkildə nümayiş etdirdi. Silahsız əhaliyə qarşı tətbiq edilən hərbi güc, fövqəladə vəziyyətin elan olunmadan həyata keçirilməsi və informasiya blokadası bu cinayətin planlı xarakter daşıdığını sübut edirdi. Həmin gecə şəhid olan insanlar yalnız həyatlarını deyil, eyni zamanda Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini də öz qanları ilə yazdılar. 20 Yanvar faciəsi xalqın susdurulması deyil, əksinə, azadlıq ideyasının geri dönməz şəkildə güclənməsi ilə nəticələndi.
Zaman keçdikcə 20 Yanvar hadisələrinin tarixi və mənəvi əhəmiyyəti daha dərindən dərk olunmağa başlanmışdır. Bu faciə milli şüurun formalaşmasında, vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynamışdır. Hər il bu tarixdə Azərbaycan xalqı şəhidlərin xatirəsini dərin ehtiramla anaraq, onların müqəddəs yoluna sədaqətini nümayiş etdirir. 20 Yanvar şəhidləri xalqın yaddaşında azadlığın rəmzi, mübarizənin simvolu kimi yaşayır və gənc nəsil üçün vətənə bağlılığın ən ali nümunəsinə çevrilir.
Faciədən dərhal sonra Ulu öndər Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Sovet rəhbərliyinin bu qanlı əməllərini açıq şəkildə pisləmiş, Bakıya qoşun yeridilməsini qətiyyətlə tənqid etmişdir. Ulu öndər Heydər Əliyevin bu cəsarətli mövqeyi Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Məhz onun siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə sonradan hüquqi-siyasi qiymət verilmiş, bu hadisənin əsl mahiyyəti üzə çıxarılmışdır. Yalnız Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri dövlət səviyyəsində obyektiv şəkildə qiymətləndirildi. 1994-cü ildə Milli Məclis tərəfindən qəbul edilən qərar bu faciənin insanlıq əleyhinə törədilmiş cinayət olduğunu bir daha təsdiqlədi.
Bu gün cənab prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə xüsusi qayğı və diqqət göstərilir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, xatirə komplekslərinin yaradılması və 20 Yanvar hadisələrinin gənc nəsillərə düzgün şəkildə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Cənab prezident İlham Əliyev 20 Yanvar şəhidlərini Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi müqəddəs qurbanlar kimi dəyərləndirir.
20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, bu qanlı hadisə milli birliyimizi möhkəmləndirdi, müstəqillik əzmini daha da gücləndirdi. Bu gün 20 Yanvar yalnız hüzn günü deyil, eyni zamanda xalqımızın qəhrəmanlıq, mübarizə və azadlıq ruhunun simvoludur. 20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və gələcək nəsillərə azadlığın hansı bədəllər bahasına qazanıldığını xatırladacaqdır.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil məktəbin
riyaziyyat müəllimi Mehriban Mustafayeva