1990-cı ilin 20 Yanvar faciəsindən 36 il keçir. 20 Yanvar faciəsi müstəqillik yolunda əzmkarlıq və yenilməzlik simvoludur. 1987-ci ilin sonlarından başlayaraq azərbaycan xalqı Ermənistandakı tarixi torpaqlarımızdan zorla çıxarılır və Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının Ermənistana birləşdirilməsinə cəhd edilir. Xalqımızın etirazını və mübarizəsini boğmaq üçün SSRİ rəhbərliyi ermənilərdən ibarət 66 min nəfərlik qoşun hissələrini 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridir və xalqımıza qarşı qırğın törədildi. Dinc nümayiş keçirən əhalinin üzərinə tank, ağır texnika yeridilir, müxtəlif silahlardan istifadə edilməklə hücuma keçirilir və insanlar kütləvi şəkildə amansızcasına qətlə yetirilir.Bu bəşər tarixində dövlət səviyyəsində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi.
Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli səhifələrindən biri olan 20 Yanvar 1990-cı il hadisələri milli tariximizə qanlı, eyni zamanda şərəfli bir gün kimi həkk olunmuşdur. Həmin gecə sovet imperiyasının silahlı qüvvələri dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətmiş, yüzlərlə günahsız insan həlak olmuş, minlərlə insan yaralanmışdır. Bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, müstəqillik əzmini daha da gücləndirmişdir.
20 Yanvar faciəsinə ilk dəfə siyasi və hüquqi qiymət verilməsi məhz Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ilin noyabrın 21-də onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bu faciəyə obyektiv, prinsipial və tarixi əhəmiyyətə malik siyasi-hüquqi qiymət verən qərar qəbul edilmişdir. Bu qərar, sovet rejiminin təzyiqlərinə baxmayaraq, xalqın haqq səsinin ucaldılması baxımından böyük cəsarət nümunəsi olmuşdur.
Qəbul edilən qərarda 20 Yanvar hadisələrinin mahiyyəti açıq şəkildə göstərilmiş, bu qanlı əməliyyatın Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğu vurğulanmışdır. Həmin sənəd sovet rəhbərliyinin və hərbi-siyasi dairələrin məsuliyyətini ortaya qoymuş, faciənin günahkarlarının ifşa edilməsinə yönəlmişdir. Bu addım, hüquqi dövlətçilik və milli şüurun formalaşması yolunda mühüm mərhələ olmuşdur.
Ümumilli lider Heydər Əliyevin bu mövqeyi onun xalqına, dövlətinə və milli maraqlara sədaqətinin bariz nümunəsi idi. Məhz onun qətiyyətli siyasi iradəsi sayəsində 20 Yanvar faciəsi unudulmadı, tarixin tozlu səhifələrində itib-batmadı və gələcək nəsillərə obyektiv şəkildə çatdırıldı.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anılır. 1990-cı ilin noyabrında Naxçıvan MR-nin Ali Məclisində qəbul edilən qərar isə dövlətçilik tariximizdə ədalətin, həqiqətin və milli ləyaqətin təntənəsi kimi xüsusi yer tutur. Bu qərar bir daha sübut edir ki, Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində və müstəqil dövlətimizin formalaşmasında əvəzsiz xidmətlər göstərmiş böyük siyasi xadimdir.
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta ümumtəhsil məktəbi
Tarix müəllimi Aynur Abbasova