TRIPP marşrutu - təminatı ABŞ verir, Azərbaycan isə qaydaları diktə edir

TRIPP marşrutu - təminatı ABŞ verir, Azərbaycan isə qaydaları diktə edir “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli mətbuatın sualına cavabında söyləyib.

A.Hacızadə bildirib ki, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir.

Milli Məclisin deputatl Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirib ki, Zəngəzur dəhlizi artıq mübahisə predmeti deyil, qəbul edilmiş öhdəlikdir. “Xatırladım ki, TRIPP İcra Çərçivəsində “Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılması” birmənalı şəkildə təsbit olunur. Bu ifadə diplomatik ritorika yox, Azərbaycanın illərdir irəli sürdüyü prinsipial tələbin, yəni maneəsiz gediş-gəlişin təmin edilməsinin siyasi öhdəlik kimi qəbul olunmalıdır”, - politoloq deyib.

MM üzvünün sözlərinə görə, əsas məqam ondan ibarətdir ki, tranzit Ermənistanın daxili inzibati prosedurlarının girovuna çevrilmir, marşrut regional və beynəlxalq daşımalar üçün açıq elan olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə texniki yox, siyasi səviyyədə təminata alınır: “TRIPP -in əsas fərqləndirici cəhəti layihənin icrasına ABŞ kimi qlobal hegemon gücün birbaşa siyasi təminat verməsidir. Bu, beynəlxalq münasibətlər tarixində nadir presedentdir. ABŞ bu marşrutu Trans-Xəzər Ticarət Marşrutunun ayrılmaz hissəsi, Avropa-Asiya əlaqələrində alternativ və etibarlı xətt, kritik tədarük zəncirlərinin qorunması mexanizmi kimi təqdim edir. Bu yanaşma Zəngəzur dəhlizini yalnız regional layihə çərçivəsindən çıxararaq qlobal logistika arxitekturasının tərkib hissəsinə çevirir. Belə bir status isə layihənin təhlükəsizliyini, davamlılığını, siyasi müdaxilələrdən qorunmasını təmin edən əlavə mexanizmlər yaradır”.

E.Mirzəbəyli vurğulayıb ki, TRIPP marşrutu Azərbaycanın milli maraqlarına tam uyğun gəlir və bir neçə istiqamətdə strateji üstünlük yaradır: “TRIPP Ermənistan üçün də keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Sənəddə göstərilən hədəflər, yəni tranzit ölkəyə çevrilmək, investisiya cəlbi, ixrac bazarlarının genişlənməsi Ermənistanın regional izolyasiyadan çıxışının yeganə rasional yolunun inteqrasiya olduğunu təsdiqləyir. Bütövlükdə isə, TRIPP marşrutunun icra çərçivəsi göstərir ki, Cənubi Qafqazda sülh artıq abstrakt çağırış deyil, konkret iqtisadi və logistika mexanizmləri üzərində qurulan sistemdir. Zəngəzur dəhlizinin beynəlxalq siyasi təminatla reallaşdırılması qarşıdurma risklərini minimuma endirir, tərəfləri qarşılıqlı asılılıq modelinə daxil edir, regionun qlobal ticarət və təhlükəsizlik arxitekturasına inteqrasiya etməsinə genim imkanlar yaradır”.

Oxşar xəbərlər