Zəngilan bu gün ölkənin mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir

Zəngilan bu gün ölkənin mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir
20 oktyabr tarixində ölkəmizdə Zəngilan şəhəri günü qeyd olunur. Bu tarix Azərbaycan xalqı üçün təkcə bir rayonun azad edildiyi gün deyil, həm də 30 ilə yaxın həsrətdən sonra doğma yurdun dirçəlişinin başlanğıcı kimi yadda qalır.
Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü nəticəsində Zəngilan tarixi torpaqlarının bir hissəsi müxtəlif inzibati vahidlər arasında bölünsə də, bu bölgə hər zaman Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin və zəngin təbiətinin mərkəzlərindən biri olub. XX əsrin əvvəllərində Zəngəzur qəzasının işğalı nəticəsində bölgə əhalisi bir çox çətinliklərlə üzləşib, tarixi-mədəni irsə ciddi zərbə dəyib.
Erməni vandalizmi Zəngilanın dini və tarixi abidələrini də məhv edib. XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrdə tikilmiş Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kənd məscidləri, eləcə də Xanazor və Yeməzli kəndlərində yerləşən alban kilsələri dağıdılaraq yerlə-yeksan edilib.
Lakin 2020-ci il 20 oktyabr tarixi bu bölgənin tarixində yeni səhifə açdı — Zəngilan rayonu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Azadlıqdan sonra Zəngilan rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu əraziyə səfərləri Zəngilanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirib.
2020-ci ilin dekabrında dövlət başçısı Zəngilan şəhərində Azərbaycan bayrağını ucaldaraq bu torpaqlarda dövlət suverenliyinin bərpa olunduğunu bəyan edib. Sonrakı illərdə – 2021 və 2022-ci illərdə baş tutan səfərlər zamanı “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının və “Dost Aqropark” ın təməlləri qoyulub, mühüm infrastruktur layihələrinin əsası yaradılıb.
Zəngilan bu gün ölkənin mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir. Buradan keçən Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu gələcəkdə Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edəcək.
Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi bərpa olunub, rayonun turizm potensialı və kənd təsərrüfatı sahəsi sürətlə inkişaf etdirilir. Zəngilan artıq təkcə azad olunmuş torpaq deyil — burada müasir, ekoloji cəhətdən təmiz və ağıllı infrastruktur əsasında yeni bir şəhər formalaşır.
Bu gün Zəngilan şəhəri günü həm qürur, həm minnətdarlıq, həm də gələcəyə inamla qeyd olunur. Azərbaycan xalqı bu torpaqlarda dirçəlişin, ədalətin və qələbənin simvolunu bir daha yaşadır.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Xanım Ələkbərova-Əlixanlı

Oxşar xəbərlər