Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb

Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb


XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır.
Zəngilan rayonunun ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdur. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.
İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Minilliklərin yadigarları olan tarixi-dini, mədəni abidələrimiz bu məkanda da yerləyeksan edilərək, saxtalaşdırılmışdır. Bartaz və Keçikli kəndində VI-VII əsrlərə aid olan "Şukrataz” və "Əsgülüm” qalaları, on üç-on dördüncü yüzilliklərin yadigarı Bartazdakı "Xanazur”, Malatkeşin ərazisində yerləşən "Dağdağan” və Gəyəlinin pirləri, Zəngilan şəhərindəki məscid, Tağlı qala, Pirçivandakı dəvə piri minillik tarixi əks etdirən arxeoloji tapıntılarla zəngin Dövlət Muzeyi də vandalizmin qurbanlarındandır. Gilətağ ərazisindəki XVI-XVII əsrlərə aid, Sarı Aşlıqla bağlı Günəş abidə piri, Rəzdərədəki Alban türbə kompleksi, İslam dininin Qafqaza gətirilməsi tarixini özündə təsdiqləyən Rəzdərə kənd məscidi, Nizami Gəncəvi dövründən qalma Top körpusu, Yol piri, Qız qalası kimi tarixi, mədəni və dini abidələrimiz erməni şovinist siyasəti nəticəsində yerlə yeksan edilmişdir. Vandalizm siyasəti yürüdən ermənilərin xalqımızın mənəviyyatına və tarixinə vurduğu yaralar min illər boyu sağalmayacaq qədər dəhşətlidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən rayonun 2020-ci ilin oktyabrında işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Bu gün Prezident İlham Əliyevin əzmi, qətiyyəti və uzaqgörən siyasəti nəticəsində viran qoyulmuş şəhər və kəndlərimizdə mədəni, tarixi və dini irsimizin bərpası və yenidənqurulması işləri davam etdirilir, dağıdılan, məhv edilən abidələrimiz bərpa edilərək sahibinə qaytarılır. Bu sahədə xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək yerinə düşərdi. Belə ki, Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri olan Zəngilan Məscidinin bərpası Heydər Əliyev Fondu tərəfindən icra olunur. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan hər zaman öz milli dəyərlərinə sahib çıxaraq, dünyaya kimliyini sübut etmək iqtidarındadır.


Etibar Axundov,
Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, YAP fəalı


Oxşar xəbərlər