27 Sentyabr – Vətən Uğrunda Qələbənin Başlanğıcı

27 Sentyabr – Vətən Uğrunda Qələbənin Başlanğıcı 27 Sentyabr Vətən müharibəsinin başlandığı və Azərbaycan tarixində dönüş nöqtəsi olan gündür. Bu gün biz şəhidlərimizi ehtiramla yad edir, onların qəhrəmanlığı və fədakarlığını dərin hörmətlə xatırlayırıq. Onların qanı və canı bahasına xalqımız otuz ilə yaxın işğal altında qalmış torpaqlarını azad etdi, dövlətimizin suverenliyi və ərazi bütövlüyü təmin olundu.
Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz tarixi qələbəyə imza atdı. Bu Zəfər, xalqımızın və dövlətimizin birliyinin, vətənpərvərliyin və Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir. Hər bir şəhidimizin qəhrəmanlığı, xalqımızın bir yumruq kimi birləşməsi və dövlətimizin düzgün strategiyası bu tarixi Zəfəri mümkün etdi.

27 Sentyabr – Vətən Uğrunda Qələbənin Başlanğıcı


Bəzən, sülhün bərqərar olması üçün müharibə qaçılmaz ola bilər. Çox təəssüf ki, sülh yolu ilə aparılan danışıqlar nəticə vermədi və biz, sülhsevər bir ölkə olmağımıza baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün müvafiq addımlar atmağa məcbur olduq. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi və işğalçı qüvvələri öz ərazilərimizdən çıxartdı. Xalqımızın birliyi və ordumuzun şücaəti sayəsində bu tarixi Qələbə mümkün oldu.
Bir pedaqoq kimi hesab edirəm ki, müəllimlərin üzərinə də böyük məsuliyyət düşür. Təhsil müəssisələri — yalnız bilik yeri deyil; onlar həm də milli şüurun, vətənpərvərliyin və tarixi yaddaşın formalaşdığı məkandır. Müəllimlərimiz şəhidlərimizin qəhrəmanlığını və xalqımızın birliyini gənc nəsillərə ötürərək onları Vətənə sədaqət, məsuliyyət və əmək ruhunda yetişdirirlər. Bu, gələcək nəsillərin vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq olmalarının əsas təminatıdır.

İsgəndərbəy Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi

Oxşar xəbərlər