
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuzun göstərdiyi igidlik tarix durduqca bizim qürur mənbəyimiz olacaq. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev
Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində qazanılan qələbədən sonra regiondakı vəziyyət tamamilə dəyişdi. Artıq Azərbaycan ərazisi işğal altında olan bir dövlət kimi deyil, öz ərazi bütövlüyünü cəmi 44 günə bərpa edən güclü orduya sahib, müstəqil siyasət yürüdə bilən bir dövlətdir. Bu güclü siyasənin başlanğıcını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Cənab Prezident İlham Əliyev layiqincə davam etdirdiyi bir dövlətin qələbəsidir!
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova