Vətən müharibəsindəki qələbəmiz bir daha onu sübut etdi ki, birlik, iradə və əzmkarlıq Qələbəyə aparan möhtəşəm yoldur

Vətən müharibəsindəki qələbəmiz bir daha onu sübut etdi ki, birlik, iradə və əzmkarlıq Qələbəyə aparan möhtəşəm yoldur
27 sentyabr Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Nəticədə Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.
44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi.
Vətən müharibəsindəki qələbəmiz bir daha onu sübut etdi ki, birlik, iradə və əzmkarlıq Qələbəyə aparan möhtəşəm yoldur. Suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın bir yumruq kimi birliyi, həmrəyliyi düşmən üzərində qələbəmizi təmin etdi.
Azərbaycan xalqı Vətən müharibəsi şəhidlərinin xatirəsini uca tutur və dərin ehtiramla yad edir. 2020-ci il dekabrın 2-də Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında 27 sentyabr Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdiklərinin xüsusi vurğulandığı Sərəncamda deyilir: “Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.”
Bundan sonra biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq, azad edilmiş torpaqları qurub bərpa edəcəyik. İllərlə öz doğma sakinlərini gözləyən o torpaqlara həyat qayıdır, insanlar qayıdır. Biz daim Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər