Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
Bu savaş başqa savaşlara bənzəmirdi.Ona görə ki,əsgər doğma torpağı uğrunda,kutsal sərhədləri üçün,uca Vətən naminə ölüm-dirim mücadiləsinə qalxmışdı.Haqq onun tərəfində olduğunu bilirdi əsgərim, ona görə belə dönməz idi,belə qətiyyətli idi,belə əzmkar idi-adına Vətən dediyimiz müharibənin igid,müzəffər əsgəri...
Qanlı düşmən mənhus niyyətlərində həddini bilmirdi.Torpaqlarımızı qəsb etməsi bəs deyil kimi yeni təxribatlara əl atmaqdan ar etmirdi.5 il bundan əvvəl bu günlərdə xalqın səbir kasasını daşdıran hadisələr – təmas xəttinin dəfələrlə pozulması,mülki əhalinin atəşə tutulması,”yeni müharibə,yeni ərazilər” kimi sərsəm şüarlar səsləndirməsi,nəhayət sentyabrın 26-sı cəbhə mövqelərimizin iriçaplı pulemyotlardan və minaatan qurğulardan intensiv atəşə tutlması müharibənin kazus-bellisi oldu.
Azərbaycan Respublikasının Prezidenti,Ali baş Komandan cənab İlham Əliyev 27 sentyabrda televiziya ilə xalqa müraciət edərək,açılmış savaşda xalqımızın haqqın tərəfində olduğunu bütün dünyaya çatdırdı və qalib gələcəyimizə əminliyini ifadə etdi:”Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Və bundan sonra həyəcanlı günlər,xariqüladə hadisələr baş verdi.Elə ilk gündən doğma yurd yerləri,kəndlər,qəsəbələr,strateji yüksəkliklər bir-birinin ardınca azad edildi.Əsgər və zabitlərimiz hər kənd,hər məhəllə uğrunda son damla qanına qədər vuruşur,düşmənə aman vermir,şəhid olmağı şərəfin ən yüksək məqamı bilirdi.Günlər keçdikcə işğal altında olan rayonlarımız-Cəbrayıl,Füzuli,Zəngilan,Qubadlı...azad olunur,o qədim-qayım ellərdə üçrəngli bayrağımız ucaldılırdı.Artıq dünya ictimaiyyəti də ordumuzun apardığı ədalətli müharibəni izləyir,çağdaş tarixdə bir xalqın öz ərazi bütövlüyünü və suverenliyini necə addım-addım bərpa etməsinin şahidi olurdu.
Şuşanın azad olunması bu şanlı tarixin son akkordu idi.Azərbaycan əsgəri sıldırım qayalarla ulu məqsədinə dırmanaraq,düşmənə gözlənilməz və sarsıdıcı zərbə vurmuşdu.O əməliyyat,o savaş və bütövlükdə o müharibə tariximizdə yeni bir era açıb desək,yanılmarıq.Vətən müharibəsi bizə bu sonsuz səadəti bəxş etdiyinə görə şanlı tariximizdir.Qarabağı bizə qaytardığına görə şərəf simvolumuzdur...
44 gündə 2908 əsgər və zabitimiz həyatını Vətənə bağışladı.Mindən çox yaralı,6 nəfər itkinlə başa vurduq o tarixi günləri.Uca məqam qazanıb şəhidlərimiz.Hər birinin ruhu müqəddəs,xatirəsi əzizdir.Şəhidlər,qazilər,torpaqlarımızın azadlığı uğrunda çarpışan hər kəs bizim qürur mənbəyimiz,and yerimizdir.Yaşasın müzəffər ordumuz!Qarabağ Azərbaycandır!
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər