
2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə, illərdir onlara qarşı olan dözümlülüyü son həddə çatdırdı.
2020-ci il iyul ayının 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində təxribata əl atdılar. Məqsəd sərhəddə yerləşən strateji yüksəklikləri ələ keçirməklə, Azərbaycandan Gürcüstana keçən beynəlxalq neft və qaz kəmərlərini atəş nəzarət altında saxlamaq idi. Düşmən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutmağa başladı. Düşmən təxribatının qarşısını almaq məqsədilə ön xəttə gələn Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə döyüşçümüz qəhrəmanlıqla şəhid oldular.
2020-ci il 27 sentyabr tarixində Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutan Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Bu təcavüz nəticəsində hərbi qulluqçularla yanaşı 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Ermənistanın növbəti təxribatı qarşısında Azərbaycan dövlətinin cavabı qətiyyətli oldu – Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi.
Ədalətli və haqq mübarizəsinə qalxan xalqımız 44 gün ərzində şanlı bir tarix yazdı. Azərbaycan Ordusu düşmənin onilliklər boyu qurduğu istehkamları darmadağın etdi, strateji yüksəklikləri ələ keçirdi, kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdi. Oktyabr ayında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonunun əraziləri Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu müharibənin rəmzinə çevrilmiş Şuşa şəhəri 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan əsgərlərinin igidliyi nəticəsində azad olundu. Şuşanın azadlığı bütün xalqımız üçün dönüş nöqtəsi oldu, zəfərimizin müjdəçisi kimi tarixə düşdü.
Nəhayət, 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış bəyanatla müharibəyə son qoyuldu. Qısa müddətdə – 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, sülh yolu ilə Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə torpaqlarımızın bərpası prosesi tamamlandı.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi. Bu qələbə yalnız hərbi uğur deyildi – həm də ədalətin, beynəlxalq hüququn və tarixi həqiqətin zəfəri idi. Bu zəfərin qiyməti böyük oldu: 2908 igid hərbçimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz ömürlük yaralandı. Lakin onların qanı yerdə qalmadı, Vətən torpaqları azad edildi.
Bu gün Azərbaycan xalqı şəhidlərinin müqəddəs xatirəsini ehtiramla yad edir, onların qoyduğu müqəddəs irsi – azad və güclü Azərbaycanın quruculuğunu davam etdirir.
44 günlük Vətən müharibəsi sübut etdi ki, sülhsevər Azərbaycan xalqı heç vaxt təcavüz və işğalla barışmayacaq, haqqı və ədaləti qorumaq üçün sonadək mübarizə aparacaqdır.
Maştağa qəsəbəsi, 293№li tam orta məktəbin
Coğrafiya müəllimi Aidə Abbasova