Cəmi 44 gün davam edən müharibə zamanı Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərdi

Cəmi 44 gün davam edən müharibə zamanı Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərdi

2020-ci il sentyabrın 27-si. Ölkəmiz həmin səhəri Böyük qürur və həyəcanlı xəbərlə açdı . Ermənilərin törətdiyi növbəti təxribatlara cavab olaraq cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlanılmışdı. Artıq 30 ildən çox işğal altında olan torpaqlarımızın azad edilməsi anı gəlib çatmışdı. Bu əməliyyat Azərbaycan tarixində çox önəmli və strateji bir hadisə oldu. Cəmi 44 gün davam edən müharibə zamanı Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərdi və işğal altında olan torpaqlarımızı geri aldı. Əməliyyatların nəticəsi olaraq noyabrın 9-dək bir sıra şəhər, qəsəbə və kəndlər azad edildi.
Xüsusilə Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və 53 kəndi, Zəngilan şəhəri, Mincivan, Ağbənd və Bartaz qəsəbələri ilə birlikdə 52 kənd, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kənd, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik azad edildi. Zəngilanda Bartaz, Sığirt, Şükürataz yüksəklikləri və beş adsız yüksəklik də ələ keçirildi.
İşğaldan azad edilmiş ərazilər yalnız torpaq deyil. Onlar həm də tarixi, mədəni və mənəvi dəyərlərimizi özündə saxlayır. Bu ərazilərdə min illərlə yaşayan insanlar öz doğma yurdlarına geri dönmək imkanına sahib oldular. Hər bir azad edilmiş kənd və şəhər Azərbaycan xalqının birliyini, vətənpərvərliyini və qəhrəmanlığını göstərən simvoldur.
Mənim fikrimcə, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Bu ərazilər yalnız keçmişimizin xatirəsi deyil, həm də gələcəyimizin təməlidir. Hər birimiz bu torpaqların təhlükəsizliyini qorumaq və onlara qayğı göstərməkdə məsuliyyət daşıyırıq. Eyni zamanda, bu uğur Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu və gücünü göstərir.
Bu böyük qələbə Azərbaycan tarixində qürur, şərəf və birliyimizin simvolu kimi həmişə yaddaşlarda qalacaq.

Sabunçu qəsəbəsi, 67 nömrəli məktəbin
tarix müəllimi Şamxal Həşimov

Oxşar xəbərlər