Bayraq xalqın milli birlik simvolu, vahid ideya ətrafında birləşməsinin təcəssümüdür

Bayraq xalqın milli birlik simvolu, vahid ideya ətrafında birləşməsinin təcəssümüdür Dövlət müstəqilliyinin əsas simvollarından biri bayraqdır. Bayraq xalqın milli birlik simvolu, vahid ideya ətrafında birləşməsinin təcəssümüdür. Azərbaycan bayrağı hər bir azərbaycanlının qürur, özünütəstiq mənbəyidir. Bu bayraq bizə babalarımızdan yadigardır. Rəmzi mənada işlədilən “bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir” ifadəsi öz təsdiqini Azərbaycan xalqının əməlində tapmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il 17 noyabr tarixində üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənməsi artıq bayrağımızın rəsmi təsdiqinin ilk addımı idi. 1991-ci il fevralın 5-də isə artıq Azərbaycan Respublikasının bayrağı olaraq dalğalanmağa başlayan bu bayraq 18 oktyabr Dövlət müstəqilliyinin bərpasından sonra dövlət rəmzi olaraq öz təsdiqini tapdı. Müstəqilliyin yenidən bərpası bizə yüzlərlə şəhidimizin qanı hesabına başa gəldi. Bayrağımızın yenidən qalxması, dalğalanması yolunda neçə-neçə oğul və qızlarımız öz canını qurban verdi. Azadlıq meydanında müstəqillik ideyası ətrafında birləşən xalqımız 20 Yanvar günü bu yolda öz qanları ilə bu torpağa azadlıq toxumunu əkməyi bacardı. Məhz onların sayəsində müstəqil Azərbaycan Respublikası yarandı və onun bayrağı dalğalanmağa başladı. Onlardan bu müstəqillik və bayraq Azərbaycan xalqına miras qaldı və bu xalq bu bayrağı hər zaman öz şərəf, qürur mənbəyi kimi qoruyub və qoruyacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 Noyabr tarixli sərəncamı ilə hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Hər il böyük təntənə ilə qeyd olunan bu tarixin bu il daha böyük bir mənası var. Bu il Azərbaycanın üçrəngli bayrağı azad olunmuş rayonlarımızda dalğalanır. Bayraq meydanının açılışı mərasimində prezident cənab İlham Əliyev “Bir gün bu üçrəngli bayraq erməni işğalı altında olan torpaqlarımızda dalğalanacaq” deyərkən öz qüdrətli ordusuna, igid Azərbaycan oğullarına güvənirdi. Keçən zamanda aparılan islahatlar, ordu quruculuğu xalqı bir yumruq kimi birləşdirdi. 2020-ci il bu xalqın öz istəyinə çatdığı il oldu. İgid Azərbaycan oğulları işğaldan azad etdiyi hər məntəqədə üçrəngli bayrağını dalğalandırıb öz qürürunu, ərazi bütövlüyünü, özgüvənini bərpa etdi. Bu gün ölkəmizin hər yerində dalğalanır şanlı bayrağımız və bu xalq var olduqca hər zaman dalğalanacaq, var olacaq...

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin

tarix müəllimi Xəyalə Əsgərli


Oxşar xəbərlər