
Hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mədəniyyətini qoruyub saxlayan ən başlıca amillərdən biri onun dilidir. Azərbaycan xalqı da öz qədim və zəngin dilinə hər zaman böyük sevgi ilə yanaşmış, onu qorumağa, inkişaf etdirməyə çalışmışdır. Məhz bu səbəbdəndir ki, 1 Avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün həm tarixə hörmət, həm də gələcəyə inam deməkdir.
Bu tarixi günün əsasını 2001-ci ildə Ulu Öndər Heydər Əliyev qoymuşdur. Onun 9 avqust 2001-ci il tarixli fərmanına əsasən, 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. Bu qərar təkcə bir tarixi günün qeyd olunması deyildi, bu, eyni zamanda milli dilə və milli kimliyə olan sevginin, hörmətin ifadəsi idi.
Azərbaycan əlifbası zaman-zaman dəyişikliklərə məruz qalsa da, hər dövrdə xalqımız öz yazılı dilinə sədaqətlə yanaşmışdır. Əlifbamız keçmişdə ərəb, sonra latın, daha sonra kiril qrafikasında təqdim olunmuş, müstəqillik qazandıqdan sonra isə xalqın istəyinə uyğun olaraq latın qrafikalı Azərbaycan əlifbası rəsmi şəkildə qəbul edilmişdir.
Yeni əlifba həm dünya ilə daha rahat əlaqə yaratmaq baxımından, həm də tarixi köklərə dönüş baxımından mühüm addım oldu.
Azərbaycan dili əsrlər boyu böyük ədiblərin, mütəfəkkirlərin yaratdığı əsərlərlə zənginləşmiş, inkişaf etmişdir. Nizami, Füzuli, Xətai kimi klassiklərdən tutmuş, müasir dövrün görkəmli yazıçı və şairlərinə qədər hamısı bu dilin gözəlliyini və gücünü sübut etmişdir. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da öyrənilir və sevilir.
Bu gün yalnız bir təqvim tarixindən ibarət deyil. Bu gün dillə ruh arasında qurulan körpünün simvoludur. Əlifbamızın hər hərfi, dilimizin hər kəlməsi bizim kimliyimizi, yaddaşımızı, tariximizi içində daşıyır. Biz bu dilin beşiyində böyümüş, bu əlifbanın işığında yazı yazmağı öyrənmişik. Ana laylası da bu dildədir, məktəb andı da. Bayram sevincimiz də bu dildə yaşanır, dərdimizin yükü də bu dildə yüngülləşir.
Əlifbamız zaman-zaman dəyişsə də, onun ruhu dəyişməyib. Ərəb qrafikası, kiril əlifbası, latın hərfləri… Amma dilin canı qorunub, yaddaşımızı yaşadan sətirlər hər zaman var olub. Müstəqillik qazanandan sonra latın qrafikasına qayıtmaq, əslində, yalnız texniki dəyişiklik deyildi. Bu, milli kimliyə dönmək, öz kökünə sarılmaq idi.
Azərbaycan dili bu gün də çağdaş dünyanın səsi içində öz yerini qoruyur. Bu dil böyük ədiblərin qələmindən süzülərək klassik ədəbiyyatımızı yaratdı, dastanlardan gələn güclə musiqi kimi axdı. Bu gün də şairlərin şeirində, müəllimlərin dərsində, nənələrin nağılında, uşaqların təbəssümündə yaşayır. Bu dili yaşadanlar bizik – onu sevərək, düzgün danışaraq, öyrədərək və qoruyaraq.
Unutmayaq ki, bir xalqın dili onun ruhudur. Dil itərsə, ruh da susar. Odur ki, 1 Avqust bizə yalnız tariximizi deyil, həm də gələcəyimizi xatırladır. Biz bu dili nə qədər çox sevsək, bir o qədər möhkəm dayanarıq bu torpaqda. Ana dilimizi sevmək – Vətənimizi sevməkdir. Elə isə bu günü yalnız qeyd etməyək, onu yaşayaq.
Bu gün həyatımız texnologiya, qloballaşma, sosial şəbəkələr kimi amillərlə çevrilir. Ətrafımızda müxtəlif dillər səslənir, müxtəlif səs-küylər bizi əhatə edir. Amma içimizdə bir səssizlik var ki, orada yalnız Azərbaycan dili danışır. O səssizlikdə nənəmin “balam” deməsi var, müəllimin “əla cavabdır” deməsi var, ilk məktubumuzu yazdığımız gündəki həyəcan var.
Əlifba isə o səssiz səsin şəklə düşmüş halıdır. Hər bir hərf bir nağıl kimidir. “A” harfi ana qədər doğmadır. “B” bizi bildiyimizlə tanıdır. “Y” hərfi ilə “Yurd” yazılır — Vətənin özü. Əlifbanı öyrənmək sadəcə yazmaq deyil, bu torpağın ruhunu əzbərləməkdir.
1 Avqust həm də gələcəyə baxmaqdır. Bu gün bizə bir sual verir: “Bu dili gələcək nəsillərə necə ötürürsən?” Cavab təkcə məktəbdə deyil, ailədə, küçədə, yazdığımız mesajda, paylaşdığımız statusdadır. Biz dili yalnız danışmırıq — biz onu gündəlik həyatımızda yaşadırıq ya da yavaş-yavaş itiririk. Dil sevgidir, məsuliyyətdir, varlıq mübarizəsidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Onun təşəbbüsü ilə 2001-ci ildə imzalanan fərmanla 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı. Bu, dövlət səviyyəsində ana dilinə verilən yüksək dəyərin və milli kimliyə olan hörmətin bariz nümunəsi idi. Heydər Əliyev hər zaman çıxışlarında Azərbaycan dilini “xalqın ruhu, varlığı və tarixidir” deyə qiymətləndirirdi.
Müstəqillik dövründə latın qrafikalı Azərbaycan əlifbasına keçid də məhz Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşdi. 2001-ci ildən etibarən bütün rəsmi sənədlər, dərsliklər, dövlət qurumlarının yazışmaları latın əlifbası ilə tərtib olunmağa başlandı. Bu qərar həm milli irsimizə qayıdış, həm də müasirliyə doğru bir addım idi.
Bu siyasi xətt cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyev ana dilimizin dövlət dili kimi inkişafına xüsusi önəm verir və dilin saflığının qorunması ilə bağlı dəfələrlə çağırışlar edib. Onun rəhbərliyi ilə Azərbaycan dili üzrə yeni terminlər sistemi, leksik fondun zənginləşdirilməsi və elektron lüğət bazalarının yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Prezident İlham Əliyev həmçinin qeyd edir ki, Azərbaycan dili təkcə dövlət dili deyil, həm də dünyada yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq dəyərdir. O, dilin informasiya texnologiyalarında, beynəlxalq arenada və diaspor fəaliyyətində geniş şəkildə təbliğini vacib hesab edir. Bu baxımdan, 1 Avqust həm də dilin gələcəyini düşünmək üçün çağırış günüdür.
Pirşağı qəsəbəsi,112 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Məmmədova